CƏMİYYƏT
Tibb Universitetində allerqoloq və immunoloqların milli konqresi keçirilib
Bakı, 21 oktyabr, AZƏRTAC
Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasında Allerqoloq, İmmunoloq və İmmunoreabilitoloqlar Elmi Cəmiyyətinin V milli konqresi keçirilib.
Universitetin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, ATU-nun tədris işləri üzrə prorektoru, professor Sabir Əliyev çıxış edərək bu sahədə keçirilən konqresin çox böyük əhəmiyyət daşıdığını söyləyib. Bildirib ki, allergiya Azərbaycanda ən geniş yayılmış xəstəliklər sırasına daxildir. Orqanizmdə baş verən hər hansı bir xəstəlik, təbiidir ki, gələcəkdə immun sisteminin təhrif olunmuş reaksiyası kimi özünə büruzə versin. Ona görə də hər bir allerqoloq bilməlidir ki, ilk növbədə immun sisteminin təhrif olunmuş reaksiyası hansı hallar üçün xarakterikdir. Belə konqreslərin keçirilməsində də əsas məqsəd insanların bu xəstəliklə bağlı maarifləndirilməsi və onlara lazımi məlumatların çatdırılmasıdır.
Daha sonra çıxış edən Allerqoloq, İmmunoloq və İmmunoreabilitoloqlar Elmi Cəmiyyətinin prezidenti, MDB Ölkələrinin Allerqoloq və Kliniki İmmonoloqlar Şurasının vitse-prezidenti, professor Amaliya Əyyubova beş il ərzində gördükləri işlərlə bağlı, eləcə də xarici ölkələrdə iştirak etdiyi konqreslərdəki çıxışları haqqında məlumat verib.
Konqresdə Ümumdünya İmmunpatologiya Təşkilatının prezidenti, MDB Ölkələrinin Allerqoloq və İmmunoloq Şurasının prezidenti, İmmunofiziologiya İnstitutunun direktoru, akademik Revaz Sepiaşvili çıxış edərək bu konqresin hər il Azərbaycanda keçirilməsinin təqdirəlayiq hal olduğunu diqqətə çatdırıb.
Konqres işini elmi məruzələrlə plenar sessiyalarda davam etdirib.