CƏMİYYƏT
Tibb Universitetində müharibə veteranları mükafatlandırılıblar
Bakı, 6 may, AZƏRTAC
Azərbaycan Tibb Universitetində (ATU) 9 May - Qələbə Günü münasibətilə II Dünya müharibəsi veteranları ilə görüş keçirilib. Bu barədə AZƏRTAC-a ATU-nun mətbuat xidmətindən məlumat verilib.
ATU-nun rektoru, professor Gəray Gəraybəyli Böyük Vətən müharibəsi veteranlarını və tədbir iştirakçılarını faşizm üzərində qələbənin 71-ci ildönümü münasibətilə təbrik edərək deyib: “Müharibə illərində göstərdiyiniz fədakarlığı heç vaxt unutmayacağıq. Azərbaycan xalqı istər ön, istərsə də arxa cəbhədə böyük qəhrəmanlıqlar göstərib. Müharibədə qazanılan qələbədə Azərbaycanın böyük payı var, 700 minə yaxın azərbaycanlı bu müharibədə iştirak edib, onların təxminən yarısı həlak olub”.
O, həmçinin ATU-da bu bayramın qeyd edilməsinin, veteranlarla görüşün çox gözəl ənənə olduğunu bildirib: "Uşaqlıqdan 9 May günü bizim üçün ən xoş, sevimli bayramlardan idi. Bir ara Qələbə bayramının daha qeyd olunmayacağı kimi söhbətlər ortaya çıxmışdı. Fikrimcə, bu, tamamilə yalnış fikir idi. Sağ olsun, ulu öndər Heydər Əliyevi ki, vaxtında bu məqama diqqət yetirib və bu bayramın ölkəmizdə də təntənəli şəkildə qeyd olunmasına qərar verib".
Tədbirdə universitetdə çalışan müharibə veteranları və “1941-1945-ci illərdə Böyük Vətən müharibəsində fədakar əməyə görə” medalı ilə təltif edilmiş arxa cəbhə veteranları ATU rəhbərliyi tərəfindən hərbi vətənpərvərlik mövzusunun təbliğində xüsusi fəallıqlarına görə mükafatlandırılıblar.
Müharibə veteranları rektor Gəray Gəraybəyliyə göstərilən diqqət və qayğıya görə təşəkkürlərini bildiriblər, cəbhə illəri ilə bağlı xatirələrini danışıblar.