CƏMİYYƏT
Tibb Universitetində tələbələr yeni üsulla dövlət imtahanı verəcəklər
Bakı, 3 may, AZƏRTAC
Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasında müəllimlər üçün təlimlər təşkil olunub. Universitetin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, təlimlərin məqsədi Azərbaycanda ilk dəfə keçiriləcək Obyektiv Strukturlaşdırılmış Klinik İmtahanlarına (OSKİ) hazırlaşmaqdır. ATU növbəti innovativ təşəbbüsün tətbiqinə hazırlaşır. Belə ki, bu il ilk dəfə olaraq ATU-nun müalicə profilaktika fakültəsinin tələbələri dövlət imtahanını test üsulu ilə verəcəklər. İmtahanlara 6-cı kursda təhsil alan 500-ə yaxın tələbə qatılacaq. Tələbələr, həmçinin bacarıq imtahanından keçəcəklər. Məhz bu imtahan dünya standartlarına uyğun olan yeni OSKİ metodu ilə aparılacaq.
ATU-nun rektoru, professor Gəray Gəraybəyli bu sınağın necə keçiriləcəyini bilavasitə izləyib. O, imtahan üçün hazırlanmış mərkəzlə tanış olub, OSKİ-yə hazırlığın səviyyəsi ilə maraqlanıb. G.Gəraybəyli təlim iştirakçıları ilə görüşündə bu imtahanların tələbələrin praktiki biliklərinin artırılmasına kömək edəcəyini deyib: “Biz daim vurğulayırıq ki, bəzən tələbələr nəzəri cəhətdən yüksək hazırlıqlı olsalar da, praktiki bilgiləri zəif olur. Bu məsələ Səhiyyə Nazirliyinin kollegiyalarında da qeyd edilir. Ona görə də Tibb Universitetinin rəhbərliyi, kafedra müdirləri tərəfindən daim bu istiqamətdə işlər aparılıb. Bugünkü seminar da görülən tədbirlərin nəticəsidir”.
Rektor bildirib ki, ATU-da belə bir innovativ metodun tətbiqi, ilk sınağın nəticələri, müəllim və tələbələrin təəssüratları gələcəkdə bu imtahanın daha da təkmilləşməsinə kömək olacaq.
ATU-nun tədris metodik və innovasiya şöbəsinin müdiri Akif Qurbanov bildirib ki, OSKİ metodu klassik imtahanlardan köklü şəkildə fərqlənir. Buna görə də imtahandan keçəcək tələbələrlə yanaşı, imtahan götürəcək müəllimlər üçün də təlimlərin keçirilməsi nəzərdə tutulub.
Təlimlər zamanı sınaq məqsədilə 3 fənn üzrə - daxili xəstəliklər, cərrahiyyə və mamalıq-ginekologiya üzrə imtahan aparılıb. Təlimlərdə ATU-nun 60-a yaxın müəllimi iştirak edib.
Qeyd edək ki, bacarıq imtahanları Tədris Cərrahiyyə Klinikasının treninq mərkəzində baş tutacaq. Artıq mərkəzdə OSKİ imtahanlarının keçirilməsi üçün xüsusi məntəqələr hazırlanıb, lazımi avadanlıqla təchiz edilib və digər təşkilati işlər görülüb.
Tibb təhsili sahəsinə aid olan OSKİ imtahanları dünyanın əksər ölkələrində tətbiq olunur. Azərbaycanda ilk dəfə olaraq ATU tələbələri bu üsulla dövlət imtahanı verəcəklər.