CƏMİYYƏT
Tibb Universitetinin 1057 məzunu Hippokrat andı içib
Bakı, 30 iyun, AZƏRTAC
Onlar yenə də həyəcanlı və sevincli idilər. Altı il əvvəl tələbə adı qazandıqları, indi isə həkim diplomuna yiyələndikləri üçün sevinirdilər. Lakin bu dəfə onların sevincinə ayrılıq havası, kədər notları da qarışmışdı. Axı, altı il təhsil aldıqları doğma Tibb Universitetinə “əlvida” deyirdilər...
Azərbaycan Tibb Universitetinin 1057 məzununa diplomların təqdim olunması münasibətilə “Bulvar Hotel”də “Məzun günü” keçirilib.
AZƏRTAC xəbər verir ki, “Məzun günü”ndə Dövlət himni səslənəndən sonra Tibb Universitetinin rektoru, professor Gəray Gəraybəyli həkim adı qazanan tələbələri təbrik edib, onlara gələcək peşə fəaliyyətlərində uğurlar arzulayıb.
Məzunlar müqəddəs həkim peşəsinin öhdəsindən layiqincə gələcəkləri və onun şərəfini uca tutacaqları barədə Hippokrat andı içiblər.
Milli Məclisin səhiyyə komitəsinin sədri, akademik Əhliman Əmiraslanov, pediatr-allerqoloq, professor Amaliya Əyyubova təhsillərini başa vuraraq həkim adı qazanan gənclərə xalqımızın sağlamlığının keşiyində ləyaqətlə dayanmağı arzu ediblər.
Valideynlər adından çıxış edən İlham Kazımov təhsil ocağının professor-müəllim heyətinə təşəkkürünü bildirib, məzunların isə gələcək peşə fəaliyyətində həkim adının müqəddəsliyini öz əməlləri ilə doğruldacaqlarına inandığını söyləyib.
Qeyd olunub ki, son illər Tibb Universitetində yaradılan hərbi tibb fakültəsini bu il 116 məzun bitirib. Təhsil ocağında 23 ölkədən gələn tələbələr də təhsil alır. Tədris zamanı tətbiq edilən yeniliklər, praktik məşğələlərə üstünlük verilməsi və qabaqcıl dünya ölkələrinin tibbi təhsil ocaqları ilə əməkdaşlığın ildən–ilə genişləndirilməsi məzunların daha yaxşı mütəxəssis kimi yetişməsinə səbəb olur.
“Məzun günü”ndə bu il I müalicə-profilaktika fakültəsini 316, II müalicə-profilaktika fakültəsini 318, stomatologiya fakültəsini 126, tibbi profilaktika fakültəsini 77, əczaçılıq fakültəsini 104 məzunun bitirdiyi qeyd edilib. Məzunlardan 70 nəfərə yaxını universiteti fərqlənmə diplomu ilə bitirib. Rektor onlardan bir qrupuna diplomları təqdim edib.
Tanınmış incəsənət ustalarının, tələbələrdən ibarət “Çinar” qızlar ansamblının ifası müəllim, valideyn, məzun və tələbələrdə xoş ovqat yaradıb.