CƏMİYYƏT
Tibb Universitetinin pasiyentləri flebologiyanın bütün sahələrinə dair yeniliklərdən faydalana biləcəklər
Bakı, 7 iyul, AZƏRTAC
Portuqaliyanın Portu şəhərində keçirilən Avropa Venoz Forumunun XVIII konqresində Azərbaycan Tibb Universitetinin (ATU) nümayəndə heyəti də iştirak edib.
AZƏRTAC xəbər verir ki, ATU-nun Tədris Cərrahiyyə Klinikasının professoru, tibb elmləri doktoru Məhəmməd Kərimov bu ali tibb müəssisəsinin mətbuat xidmətinə konqres barədə məlumat verib.
M.Kərimov deyib ki, Avropa Venoz Forumu dünyada çox böyük reytinqi olan və öz sıralarında nəinki Avropanın, həmçinin ABŞ, Yaponiya, Avstraliyanın damar cərrahlarını birləşdirən möhtəşəm birlikdir. Flebologiya sahəsində ən son yeniliklər, demək olar ki, ilk dəfə burada məruzə və müzakirə olunub. Bu dəfəki konqres də flebologiyanın bütün sahələrini əhatə edən əhatəli çıxışlar, posterlərlə zəngin olub. Azərbaycan damar cərrahiyyəsinin uğurları da konqresdə səslənib. Çıxışlarda daha çox varikoz xəstəliyi, onun müasir müalicə üsullarının müqayisəli analizi və hər bir metodunun ən kiçik aspektləri müzakirə olunub, strateji hədəflər müəyyən edilib. Bundan əlavə, tədbirdə tromboz və tromboflebitlərin profilaktikası, vaxtında diaqnostikası müasir tək və çox komponentli müalicə üsulları geniş müzakirə olunub, damarların anadangəlmə xəstəlikləri (malformasiyalar), limfostaz problemləri sahəsində ən son tədqiqatların nəticələri barədə məlumatlar verilib.
“Konqresin iştirakçılar üçün çox faydalı olduğunu xüsusi qeyd etmək lazımdır. Belə ki, tezliklə klinikamızda flebologiyanın bütün sahələrini əhatə edən yeniliklərdən pasiyentlərimiz də faydalana biləcək”, - deyə professor M.Kərimov bildirib.