CƏMİYYƏT
Tibb Universitetinin professor-müəllim heyətinin bilik və bacarıqlarının artırılması məqsədilə seminar keçirilib
Bakı, 19 yanvar, AZƏRTAC
Yanvarın 19-da Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Terapevtik Klinikasında şüa diaqnostikası və şüa terapiyası kafedrasında tədris-metodik seminar keçirilib.
Universitetdən AZƏRTAC-a bildirilib ki, seminarın keçirilməsində məqsəd kafedranın professor-müəllim heyətinin bilik və bacarıqlarının artırılması, tədrisin keyfiyyətinin yüksəldilməsinə nail olmaqdır.
Seminarı giriş nitqi ilə açan kafedranın müdiri, dosent Məlahət Sultanova bu tədbirin mühüm əhəmiyyətə malik olduğunu vurğulayıb: “Belə seminarların mütəmadi olaraq keçirilməsi tədrisin keyfiyyətinin yüksəlməsinə birbaşa təsir edir. Yalnız müəllimlərin iştirak etdiyi seminarların keçirilməsində əsas məqsəd müəllimlərin peşə hazırlıq səviyyəsinin yüksəldilməsi, müasir şüa diaqnostik müayinələrin əsas prinsiplərinin tələbələrə daha yaxşı aşılanması və yeniliklərin dərs prosesinə uyğunlaşdırılmasıdır”.
M.Sultanova qeyd edib ki, seminarlar tədris proqramına uyğun olaraq keçiriləcək və kafedra əməkdaşları tərəfindən mövzular təqdim olunacaq. Tədrisin gedişində əyani vəsaitlərdən, kliniki müşahidələr və innovativ texnologiyalardan maksimum istifadə etmək tələbələrdə fənnin mənimsənilmə dərəcəsini artırır.
Seminarda “Şüa diaqnostik metodların texnologiyası və onun təşkili”, “Rentgen şüalarının alınması, təbiəti və xassələri”, “İonlaşdırıcı şüaların zərərli təsirindən qorunma tədbirləri” və “Rentgenoloji müayinə metodları” mövzuları müzakirə olunub, çıxışlar dinlənilib. Məruzəçilər mövzunun əsas məqamları, rentgenoloji müayinə metodlarının diaqnostik alqoritmdəki yeri və rolundan danışıblar.
Daha sonra məruzələrə dair fikirlər, irad və təkliflər səsləndirilib, kafedra əməkdaşlarını maraqlandıran suallar məruzəçilər tərəfindən ətraflı şəkildə cavablandırılıb.
Sonda ATU-nun II müalicə profilaktika fakültəsinin dekanı İsrail Məhərrəmbəyli çıxış edərək belə seminarların keçirilməsinin vacibliyini xüsusi vurğulayıb və kafedraya gələcək işlərində uğurlar arzulayıb.