CƏMİYYƏT
Tibb Universitetinin qarşısında duran əsas vəzifələrdən biri gənclərin elmi işlərə cəlb edilməsidir
Bakı, 28 fevral, AZƏRTAC
Azərbaycan Tibb Universitetinin (ATU) Terapevtik Klinikasında “Təbabətin aktual problemləri-2017” mövzusunda elmi-praktik konfrans keçirilib.
ATU-nun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, tədbirdə çıxış edən universitetin rektoru, professor Gəray Gəraybəyli rəhbərlik etdiyi təhsil müəssisəsinin elmi nailiyyətlərindən söz acıb. Bildirilib ki, “Elmsiz tədris, tədrissiz elm yoxdur!” prinsipinə riayət edən ATU-nun əməkdaşları daim bu ideyanı rəhbər tutaraq, tədrislə elmin inteqrasiyasını yüksək səviyyədə aparmağa nail olublar. ATU-nun ilk - Stomatoloji klinikasının təməlinin 2002-ci ildə ümummilli lider Heydər Əliyev tərəfindən qoyulduğunu deyən rektor bundan sonra Tibb Universitetində daha üç – Onkoloji, Tədris Terapevtik və Tədris Cərrahiyyə klinikalarının yaradıldığını xatırladıb.
G.Gəraybəyli bildirib ki, ATU-nun qarşısında duran əsas vəzifələrdən biri gənclərin elmi işlərə cəlb edilməsi, rezidentlərin və tələbələrin elmi axtarışlara marağını artırmaqdır.
Sonra konfransın işi plenar iclaslarda davam etdirilib.