CƏMİYYƏT
Tibb Universitetinin rektoru xaricdə təhsil almış həkimlərlə görüşüb
Bakı, 23 fevral, AZƏRTAC
Azərbaycan Tibb Universitetinin (ATU) rektoru, professor Gəray Gəraybəyli hazırda ATU-nun klinikalarında və müxtəlif kafedralarında çalışan, xarici ölkələrdə təhsil almış gənc mütəxəssislərlə görüşüb.
Universitetin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, tədbirdə rektor bu gənc həkimlərin dünyanın aparıcı ölkələrinin təhsil sistemi, oradakı klinikaların fəaliyyəti, universitet strukturu ilə tanış olduqlarını və bu təcrübə ilə ATU-da bölüşmələrini tövsiyə edib. Bildirilib ki, müasir və hər gün inkişaf edən Azərbaycanda universitetlər də yeniliklərə açıq olmalı, bir sıra dəyişikliklər etməlidirlər. Rektor xüsusilə rezidentlərə yardım üçün peşəkar kadrlara, gənc mütəxəssislərə ehtiyac olduğunu vurğulayıb.
Sonra professor ATU-da Türkiyənin tanınmış universiteti ilə birgə icra olunacaq yeni layihə haqqında tədbir iştirakçılarına məlumat verib. Rektor ATU-nun klinikalarındakı yeni avadanlıqlar, burada uğurla həyata keçirilən unikal əməliyyatlar, treninq mərkəzlərinin tələbələrin püxtələşməsinə göstərdiyi yardımın əhəmiyyətindən danışıb.
Sonra mövzuya dair fikir və təkliflər səsləndirilib.