REGİONLAR
Tibb Universitetinin şöbə müdiri Astarada 90-dək sakini müayinə və müalicə edib
Astara, 20 oktyabr, Bağır Əliyev, AZƏRTAC
Astara rayonunda əhaliyə göstərilən tibbi xidmətin ən müasir tələblər səviyyəsində təşkilinə nail olmaq üçün daim yeniliklər tətbiq edilir. Astara Rayon Mərkəzi Xəstəxanasında əhaliyə nümunəvi tibbi xidmət göstərilməsi üçün hər cür şərait yaradılıb, tibb ocağı beynəlxalq standartlara cavab verən müasir avadanlıq və aparatlarla təmin olunub.
Eyni zamanda, respublikanın tanınmış və yüksəkixtisaslı tibb mütəxəssislərinin rayona dəvət edilərək, yerli əhalinin tibbi müayinə və müalicəsində iştirakı bir ənənəyə çevrilib.
AZƏRTAC xəbər verir ki, oktyabrın 20-də Azərbaycan Tibb Universitetinin Cərrahiyyə Klinikasının urologiya və andrologiya şöbəsinin müdiri, Türkiyənin Qazi Universitetinin məzunu Fikrət Əhmədov Astara Rayon Mərkəzi Xəstəxanasında 90-dək xəstəni qəbul edib, onların müayinə-müalicəsini həyata keçirib.
Rayon sakinləri göstərilən tibbi xidmətdən razılıqlarını bildiriblər.
Sonra xəstəxananın tibb işçilərinin iştirakı ilə elmi konfrans keçirilib. F.Əhmədov urologiya və andrologiya sahəsində tibbi yeniliklər barədə geniş məlumat verib, iş təcrübəsindən nümunələr göstərib, həkimlərlə fikir mübadiləsi aparıb.
Çıxış edən Astara Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Əlövsət Əliyev elmi konfransın tibb işçilərinin təcrübələrinin artırılması baxımından önəmini vurğulayıb, F.Əhmədova minnətdarlığını bildirib.