CƏMİYYƏT
Tibb Universitetinin tələbələri sağlam həyat tərzini təbliğ edirlər
Bakı, 22 may, AZƏRTAC
Azərbaycan Tibb Universitetinin (ATU) tələbələrinin təsis etdiyi “Sağlam Həyat Assosiasiyası”nın təşkilatçılığı ilə “Sağlamlığa kompleks yanaşmanın tibbi əsasları” adlı elmi-praktik konfrans keçirilib.
ATU-nun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, 300 nəfərin iştirakı ilə keçirilən konfransda Mərkəzi Klinik Xəstəxananın (MKX) baş həkimi, tibb elmləri doktoru, kardiocərrah Kamran Musayevin “Kardiovaskulyar təbabətdə deontoloji problemlərə aktual yanaşma”, ATU-nun dermatovenerologiya kafedrasının dosenti, tibb elmləri namizədi Elşad Novruzovun “Gənclik sızanaqları–akne vulqaris”, ATU-nun həkim-dietoloqu Leyla Zülfüqarlının “Piylənməyə səbəb olan milli xüsusiyyətlərimiz”, ATU-nun uroloq-cərrahı Vasif İsmayılın “Qocalan orqanizmdə uroloji əhəmiyyət kəsb edən dəyişikliklər”, bariatrik-cərrah Taryel Ömərovun “Piylənmənin cərrahi müalicəsi”, neyrocərrah Əliosman Qədimbəylinin “Disk yırtıqlarında müasir cərrahi taktikalara baxış” mövzularında məruzələri dinlənilib.
Aktual mövzuları əhatə edən məruzələr iştirakçılar tərəfindən maraqla qarşılanıb.
Qeyd edək ki, ATU-nun tələbələri tərəfindən təsis edilən “Sağlam Həyat Assosiasiyası”nın məqsədi cəmiyyətə düzgün həyat tərzinin aşılanmaq, gənclərin fiziki və əqli cəhətdən sağlam formalaşması, sağlam qidalanmanın təbliği ilə bağlı maarifləndirmə işinin təşkil etməkdir.