CƏMİYYƏT
Tibb Universitetinin xarici tələbəsi yarışmada qalib olub
Bakı, 28 aprel, AZƏRTAC
Azərbaycan Tibb Universitetinin (ATU) yəmənli tələbəsi Saleh Altahery Azərbaycanda ilk dəfə əcnəbi tələbələr arasında keçirilən “Əcnəbi tələbələrin fikir platforması” adlı TEDx formatlı yarışmada “Ən yaxşı natiq” nominasiyası üzrə yer tutub. Yarışma Bakı Beynəlxalq Tələbə Klubunun təşkilatçılığı, Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun maliyyə və ADA Universitetinin magistr-tələbə hökumətinin texniki dəstəyi ilə təşkil olunub.
ATU-nun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, layihənin əsas məqsədi əcnəbi tələbələrə müşahidə etdikləri, yaşadıqları, ümumiyyətlə, bölüşmək istədikləri mövzunun heç kəsə bəlli olmayan, ən maraqlı məqamlarını münsiflər heyəti və auditoriya qarşısında paylaşmaqdır.
ADA Universitetində keçirilən final mərhələsində 9 yerli universitetin müxtəlif xarici ölkələrdən olan tələbələri özlərini sınayıb.
Qalibə mükafatı ATU-nun beynəlxalq əlaqələr üzrə prorektoru Nadir Zeynalov təqdim edib.
Tədbirdə hökumət və dövlət rəsmiləri ilə yanaşı, xarici qonaqlar da iştirak ediblər.