CƏMİYYƏT
Tibb işçilərinin hüquqi maarifləndirilməsinə dair treninqlər davam edir
Bakı, 25 aprel, AZƏRTAC
“Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinin yerinə yetirilməsi və bu işdə şəffaflığın və vahid metodologiyanın tətbiqinin təminatı məqsədi ilə təşkil olunan treninqlər davam edir. Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə keçən treninqlər “Tibb İşçilərinin Hüquqi Maarifləndirilməsinə Yardım” İctimai Birliyi tərəfindən həyata keçirilir.
Səhiyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, növbəti treninq Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzində (İSİM) təşkil olundu.
Treninqdə M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin, Milli Onkologiya Mərkəzinin, Z.Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin, akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının, Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun, Respublika Perinatal Mərkəzinin, 1 nömrəli Respublika Psixiatriya Xəstəxanasının, 3 nömrəli Şəhər Klinik Xəstəxanasının, Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun, Kliniki Tibbi Mərkəzin və Bakı Sağlamlıq Mərkəzinin mütəxəssisləri iştirak ediblər.
Treninq tibb işçilərini hüquq və vəzifələrinə dair maarifləndirilməsi, şikayətlərin hüquqi həlli, tibb işçilərinin öz hüquqları ilə yanaşı pasiyent hüquqlarını da lazımi səviyyədə öyrənməsi, onlarla düzgün ünsiyyətin qurulması baxımından böyük əhəmiyyət kəsb edir.
Tibb işçilərinin hüquq və vəzifələri, həmin hüquqların müdafiəsinin həyata keçirilməsi, habelə, şikayətlərin araşdırma taktikasına dair praktiki tövsiyələr haqqında mühazirələrlə Səhiyyə Nazirliyinin hüquq və daxili nəzarət sektorunun müdiri Elxan Əzizov və s. çıxış ediblər.