CƏMİYYƏT
Tibbi müayinələr insanların sağlamlığına göstərilən diqqət və qayğının humanitar mahiyyətindən xəbər verir VİDEO
Zərdab, 28 fevral (AZƏRTAC, Adil Ağayev). Prezident İlham Əliyevin tapşırığı ilə əhalinin kütləvi surətdə tibbi müayinədən keçirilməsi Zərdab rayonunun sakinləri tərəfindən də böyük razılıq və minnətdarlıqla qarşılanır. Eyni zamanda bu mühüm aksiyanın yüksək səviyyədə keçirilməsi hər bir həkimdən və tibb işçisindən yüksək məsuliyyət tələb edir. Mərkəzi rayon xəstəxanasının doğum şöbəsinin müdiri Südabə İsmayılova AZƏRTAC-a müsahibəsində bununla bağlı fikirlərini bölüşərək demişdir:
- Prezidentimizin bu humanist addımı, insanların sağlamlığını düşünərək verdiyi tapşırıq nəinki geniş ictimaiyyət, eləcə də həkimlər tərəfindən minnətdarlıqla qarşılanmışdır. Ölkəmizin gələcəyi sağlam nəslin yetişdirilməsindən birbaşa asılıdır. Bu cür nəsil isə qadınlarımızın sağlamlığı, dünyaya gətirdikləri sağlam uşaqlarla formalaşır. Şöbə müdiri kimi indi adi günlərdəkindən üç dəfə çox qadını qəbul edir, onları hərtərəfli tibbi müayinədən keçirirəm. Tərtib olunmuş qrafik əsasında ən ucqar kəndlərə gedir, qadınlarımızı, qızlarımızı müayinə edirik. Bu, çox vacib bir işdir və Prezidentimizin insanlara, onların sağlamlığına göstərdiyi diqqət və qayğının humanitar mahiyyətindən xəbər verir.
Müayinələr zamanı xroniki iltihab, endometrit, uşaqlıq borusunun eroziyası və digər xəstəliyi olan qadın və qızlarımızla qarşılaşdıq ki, onların vaxtında müalicəyə cəlb edilmələri çox vacibdir. Aksiyanın əsas məqsədlərindən biri də elə budur.