CƏMİYYƏT
Tibbi müayinələrin səmərəliliyini artırmaq üçün əhali arasında geniş təbliğat işi aparılır VİDEO
Qəbələ, 15 mart (AZƏRTAC, Şahnəzər Bəşirov). Prezident İlham Əliyevin tapşırığına əsasən, respublikamızın hər yerində olduğu kimi, Qəbələ rayonunda da əhalinin tibbi müayinədən keçirilməsi uğurla davam etdirilir.
Qəbələ Müalicə Diaqnostika Mərkəzinin baş həkimi Bəxtiyar Haqverdiyev AZƏRTAC-a bildirmişdir ki, rayonda əhalinin kütləvi müayinəsi üçün hər cür şərait yaradılmışdır. Müayinələr mərkəzi rayon xəstəxanasında, rayon diaqnostika mərkəzində, eləcə də qəsəbə və kənd xəstəxanalarında həyata keçirilir. Yüksək ixtisaslı mütəxəssislər sakinləri qabaqcadan tərtib olunmuş qrafik əsasında müayinə edir, xəstəlik aşkar edilmiş vətəndaşlar müalicəyə cəlb olunurlar. Fevralın 17-dən indiyədək mərkəzdə 2 mindən çox vətəndaş müayinə olunmuşdur. Müayinələrin nəticəsi olaraq 41 nəfər stasionar müalicəyə cəlb edilmiş, 3 nəfər isə müalicə üçün Bakı şəhərinə göndərilmişdir.
Mərkəzi rayon xəstəxanasının baş həkimi Sabir Bayramov demişdir ki, sakinlər, eləcə də bütün idarə, müəssisə və müəssisələrdə çalışan insanlar qrafikə əsasən müayinədən keçirilir. Bundan başqa həkim briqadaları yerlərdə yataq xəstələrinin və yaşlı insanların müayinəsini aparırlar. İndiyədək 15 minə yaxın vətəndaş müayinələrə cəlb olunmuşdur. Xəstəlik aşkar olunan sakinlər rayon xəstəxanasında müalicə edilir.
Dövlətimizin başçısının əhalinin sağlamlığının qorunmasına dair verdiyi tapşırıq əhali tərəfindən böyük razılıqla qarşılanmışdır. Rayon sakinlərindən Ulduzə Musayeva, Şahmar Hacıyev və başqaları müayinə və müalicə üçün yaradılan şəraitdən razılıq edərək demişlər ki, dövlətimizin başçısının bu təşəbbüsü alqışa layiqdir. İnsanlar hərtərəfli müayinə olunur, sağlıq durumu haqqında məlumat alır, lazım gəldikdə müalicəyə cəlb olunurlar.
Xatırladaq ki, Qəbələ rayonunda tibbi müayinələrin mütəşəkkil keçirilməsini təmin etmək məqsədilə komissiya və xüsusi qərargah yaradılmışdır. Bu məqsədlə qabaqcadan ciddi hazırlıq işləri görülmüş, tibb müəssisələri lazımi avadanlıqlarla təchiz edilmişdir.
Aksiyanın səmərəliliyini artırmaq üçün əhali arasında geniş təbliğat işi aparılır.