CƏMİYYƏT
“Tibbi-sosial ekspert komissiyaları haqqında Əsasnamə” təsdiq edilib
Bakı, 8 fevral, AZƏRTAC
Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ilə
“Tibbi-sosial ekspert komissiyaları haqqında Əsasnamə” təsdiq edilib.
AZƏRTAC xəbər verir ki, Qərara əsasən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Nazirlər Kabineti ilə razılaşdırmaqla üç ay müddətində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin tabeliyində ərazi prinsipi əsasında tibbi-sosial ekspert komissiyaları yaratmalı, onların dislokasiyasını və sayını müəyyən etməlidir. Nazirlik, həmçinin tibbi-sosial ekspert komissiyalarının tərkibini, ştat cədvəlini və xərclər smetasını Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin təqdimatına əsasən təsdiq etməlidir.
Əsasnamədə ümumi müddəalarla yanaşı, tibbi-sosial ekspert komissiyalarının təşkili, vəzifələri və hüquqları, komissiyalarda müayinə qaydaları, əlillik müddətinin müəyyən edilməsi və komissiyaların qərarlarından şikayət qaydaları kimi müddəalar öz əksini tapıb.