İQTİSADİYYAT
Ticarət festivallarının təşkili ölkənin turizm və iqtisadi potensialının yüksəldilməsinə stimul verəcək
Bakı, 29 mart, Ramiz Quliyev, AZƏRTAC
Ticarət festivallarının təşkili ölkənin turizm və iqtisadi potensialının yüksəldilməsinə stimul verəcək.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Vergiödəyicilərinə xidmət və şəffaf vergi partnyorluğu departamentinin baş direktoru Ələkbər Məmmədov deyib.
O bildirib ki, Prezident İlham Əliyevin 2016-cı il sentyabrın 1-də imzaladığı “Azərbaycan Respublikasında turizmin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncam bu sektorun gələcək inkişafı üçün yeni bir mərhələ açır. Sərəncama uyğun olaraq həyata keçiriləcək tədbirlərdən biri də Bakıda ticarət festivallarının (“shopping festival”) təşkilidir. Ticarət festivallarının keçirilməsində məqsəd Azərbaycanın turizm və iqtisadi potensialının yüksəldilməsi, sahibkarlıq fəaliyyətinin təşviq edilməsi ilə ölkənin ticarət dövriyyəsinin artırılmasının stimullaşdırılmasıdır.
Departament rəhbəri qeyd edib ki, bu tədbirlərin digər əhəmiyyəti həm də vergi sisteminin təşviqi, fiziki şəxslər tərəfindən Azərbaycan Respublikasının ərazisində alınmış istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan mallara görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması (ƏDV) sisteminin ölkədə tətbiqi ilə vergi inzibatçılığının daha da təkmilləşdirilməsi, rezident və qeyri-rezident vergiödəyicilərinin xidmət sisteminin inkişaf etdirilməsidir.
Ə.Məmmədov əlavə edib ki, ticarət festivalları dövründə ƏDV-nin qaytarılması qaydası dövlət başçısının 2017-ci il 20 fevral tarixli fərmanı ilə təsdiq edilib. Fərmana uyğun olaraq, ƏDV-nin qaytarılması ilə ticarət festivallarının operatoru kimi Vergilər Nazirliyi məşğul olur. Nazirlik ƏDV-nin qaytarılması işlərini, eləcə də müvafiq proqram təminatının və vahid məlumat bazasının yaradılmasını və idarə olunmasını təmin edir.