REGİONLAR


Tikanlı kollarda yetişən min bir dərdin dərmanı

A+ A

Xaçmaz, 20 avqust, Elxan Yusifli, AZƏRTAC

Böyürtkən hamının çox sevdiyi giləmeyvələrdən biridir. Onu toplamaq heç də asan başa gəlmir. Kənd yerlərində demək olar ki, hər bir evdə böyürtkən mürəbbəsi bişirilir.

Xaçmazın Qobuqırağı kənd sakini Gülarə Nəzərova da onlardan biridir. O, hər il böyürtkən mürəbbəsi bişirir. Bu giləmeyvə əsasən quraq yerlərdə, sıx tikanlarla örtülən kollarda yetişir. Məhz buna görə də giləmeyvəni toplamaq səbir və ehtiyat tələb edir.

Gülarə Nəzərova AZƏRTAC-a bildirib ki, gün ərzində 10 kiloqrama qədər böyürtkən yığmaq mümkündür. O, giləmeyvəni satmaq üçün toplamasa da, bu yolla qazanc əldə edənlər də az deyil. Bazarda min bir dərdin dərmanı olan böyürtkənin 1 kiloqramı alıcılara 3 manata təklif olunur. Bu giləmeyvə avqust və sentyabr aylarında yığılır.

Ən əziz qonaqlara təqdim olunan böyürtkən mürəbbəsi, eləcə də yetişmiş giləmeyvələr bir çox müalicəvi xüsusiyyətlərə malikdir. Tərkibi C vitamini ilə zəngin olan meyvə immuniteti möhkəmləndirir, qan təzyiqini normallaşdırır, zökəm, qızdırma kimi xəstəliklərin qarşısını alır. Xalq təbabətində böyürtkənin yarpaqlarından və köklərindən geniş istifadə olunur.

Ümumiyyətlə, böyürtkən və moruğun 250-dən çox növü var. Azərbaycanda 15 növü yayılıb. Meyvəsinin tərkibində şəkər (qlükoza, fruktoza və saxaroza), pentazon, üzvi turşular (alma, limon, salisil və s.) müxtəlif vitaminlər - C və B qrupu vitaminləri və pektin maddələri var. Böyürtkənin meyvəsi təzə halda yeyilir. Ondan şirə, kompot, şərbət, mürəbbə, cem və s. hazırlanır. Böyürtkən həm də balverən bitkidir. Çünki bütün yay dövründə çiçəkləyir və arılara yaxşı nektar verir. Bir hektar sahədən arılar 20-25 kiloqram bal hasil edə bilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.