REGİONLAR
Tikinti işlərinin aparılmasının yeni norma və qaydaları ilə bağlı zona seminar-müşavirəsi keçirib VİDEO
Qəbələ, 12 fevral, Şahnəzər Bəşirov, AZƏRTAC
Fövqəladə Hallar Nazirliyinin (FHN) Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin təşkilatçılığı ilə fevralın 12-də Qəbələdə zona seminar-müşavirəsi keçirilib.
AZƏRTAC xəbər verir ki, ölkənin şimal-qərb bölgəsindən 10 şəhər və rayonun icra hakimiyyəti başçıları müavinlərinin, baş memar və hüquqşünasların iştirakı ilə keçirilən seminar-müşavirədə Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin qüvvəyə minməsi ilə əlaqədar yeni əlavə və dəyişikliklər, onların tətbiqi zamanı yerli icra hakimiyyətləri ilə Fövqəladə Hallar Nazirliyi arasında əlaqələrin qurulması məsələləri müzakirə edilib.
Seminar-müşavirədə çıxış edən FHN-nin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin baş dövlət tikinti müfəttişliyinin sektor müdiri Kərim Ağayev tikintiyə icazənin verilməsi üzrə icraat, tikinti layihələrinin ekspertizası, tikinti işlərinin dayandırılması və obyektlərin sökülməsi, eləcə də Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində nəzərdə tutulan digər bölmələr üzrə əlavə və dəyişikliklərin mahiyyəti barədə ətraflı məlumat verib.
Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin mütəxəssisləri və hüquq şöbəsinin əməkdaşları tərəfindən iştirakçılara yeni məcəllə ilə bağlı ortaya çıxan sənədləşmə prosedurları barədə məlumatlar çatdırılıb. Qeyd olunub ki, bundan sonra tikintiyə icazənin verilməsi ilə bağlı yeni qaydalara riayət olunmadan inşa edilən obyektlər qanunsuz sayılacaq və onlarla bağlı müvafiq hüquqi addımlar atılacaq. Eyni zamanda bildirilib ki, tikintilər aparılarkən beynəlxalq dərəcəli avtomobil və dəmir yolları, neft obyektləri və yanacaqdoldurma məntəqələrindən uzaqlıq tələblərinə ciddi riayət olunmalıdır. Əks-təqdirdə bu tikintilər də qanunsuz hesab ediləcək və onlarla bağlı icazə sənədləri qüvvədən düşmüş sayılacaq.
Tədbirdə iştirak edən yerli icra orqanlar nümayəndələrinin yeni Şəhərsalma və Tikinti Məcəlləsindən irəli gələn məsələlərlə bağlı sualları cavablandırılıb. Müfəttişliyin əməkdaşları yeni sənədləşmə qaydaları ilə onları maraqlandıran məsələləri izah ediblər.
Seminar-müşavirənin sonunda iştirakçılara hüquqi-normativ sənədlər, Məcəllənin tətbiqi ilə bağlı metodiki vəsaitlər paylanılıb.