CƏMİYYƏT
Tikinti sahələrində 47 nəfərin əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işə cəlb edildiyi aşkarlanıb
Vergilər Nazirliyinin əməkdaşları əmək münasibətləri sahəsində həyata keçirdikləri əməliyyat nəzarət tədbiri zamanı Binəqədi rayonunda Samir Zülfüqarova məxsus idman-əyləncə mərkəzinin tikintisində 20 nəfərin, Səbail rayonu Badamdar qəsəbəsində Elxan Qarahmədova məxsus otelin tikintisində isə 27 nəfərin əmək müqaviləsi hüquqi qüvvəyə minmədən müxtəlif işlərə cəlb edildiyini aşkarlayıblar.
Nazirlikdən AZƏRTAC-a bildiriblər ki, tikinti obyektlərində xeyli müddət işləmələrinə baxmayaraq, həmin işçilərlə əmək müqaviləsinin hüquqi qüvvəyə minməsi ilə bağlı rəsmiləşdirmə işləri aparılmayıb. Bundan əlavə, hər iki şəxsin vergi orqanında uçota durmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu da müəyyən edilib.
Faktlarla bağlı materiallar nazirliyin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinə göndərilib.