İQTİSADİYYAT


Tikinti sahəsində qeyri-rəsmi əmək münasibətlərinin tənzimlənməsi müzakirə olunub VİDEO

Bakı, 20 iyun, AZƏRTAC

İyunun 20-də Bakıda tikinti sahəsində qeyri-rəsmi əmək münasibətlərinin tənzimlənməsi məsələləri müzakirə olunub.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi sədrinin müavini Ülvi Mehdiyev "Tikinti sahəsində qeyri-rəsmi əmək münasibətlərinin qarşısının alınması ilə bağlı nəzarətin gücləndirilməsinə dair tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 28 aprel 2017-ci il tarixli Fərmanının icrası ilə bağlı məlumat verib. Bildirib ki, verilən tapşırıqlardan biri əmək müqaviləsi olmadan çalışanlarla bağlı nəzarət mexanizmini yaratmaq, qeyri-rəsmi əmək münasibətlərinin aradan qaldırılmasına nail olmaqdır. Bu sahədə işlər aparılır. "ASAN xidmət"də monitorinq mərkəzinin yaradılması haqqında tapşırığın əsas mahiyyəti ondan ibarətdir ki, tikinti işi aparan şirkətlərlə birgə bu sahədə intizam yaratmaqdır. Bakı şəhərində çoxmənzilli yaşayış binaları tikən subyektlərin və həmin obyektlərinin elektron reyestri yaradılıb. Tikinti obyektlərinin sifarişçiləri və subpodratçıları haqqında məlumat elektron reyestrdə toplanıb. Sonra elektron sistem vasitəsilə təhlillər aparılacaq, hansı tikinti obyektinə neqativ hallar yaranarsa, o halda səyyar monitorinq qrupu orada yoxlama aparacaq.

Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin elektron xidmətlərin inkişafı və sosial innovasiyalar şöbəsinin müdir müavini Fariz Cəfərov deyib ki, tam analitik və intellektual sistem olan elektron reyestr 3 hissədən ibarət olacaq: "Birinci hissədə binalar və mənzillər, yəni binaya tikinti icazəsi nə zaman verilib, ölçüləri nə qədərdir, tikinti harada aparılır, texniki göstəricilər nədən ibarətdir və digər məlumatlar toplanacaq. İkinci hissəyə əmək müqaviləsi və xidməti müqavilə ilə çalışan şəxslər barədə məlumat daxildir. Üçüncü hissəni videomüşahidə, hesabatlar, səyyar monitorinq vasitəsilə formalaşan məlumatlar əhatə edəcək. Sistem Fövqəladə Hallar Nazirliyi, Bakı Şəhər İcra Hakimiyyəti, yerli icra hakimiyyəti qurumları, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Vergilər Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və bir çox dövlət qurumları ilə inteqrasiya olunmuş bir sistemə malikdir.

"Tikinti sahəsində qeyri-rəsmi əmək münasibətlərinin qarşısının alınması üçün tikinti obyektlərində müşahidə kameraları quraşdırılacaq. Kameralar tikinti obyektlərinə baxış keçirildikdən sonra quraşdırılacaq. Bu müşahidə kameraları üz tanıma sistemi ilə əmək bildirişləri sisteminə birbaşa qoşulacaq ki, həmin obyektdə əmək müqaviləsi ilə çalışan və çalışmayan şəxsləri müəyyən etmək mümkün olsun. Kamera sistemi tikinti obyektlərinin sahibləri üçün müşahidələrin aparılmasına imkan yaradacaq. Monitorinq Mərkəzi tikinti şirkətlərinə həmin görüntülərə baxmağa, obyektdə olan prosesləri izləməyə imkan verəcək", - deyə Fariz Cəfərov qeyd edib.

Sonra tikinti şirkətləri rəhbərlərini maraqlandıran suallar cavablandırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.