CƏMİYYƏT
Tikinti şirkətlərində qeyri-leqal əməyin olub-olmamasını "ASAN xidmət" müəyyənləşdirəcək VİDEO
Bakı, 1 may, AZƏRTAC
Məlum olduğu kimi, aprelin 28-də Prezident İlham Əliyev tikinti sahəsində qeyri-rəsmi əmək münasibətlərinin qarşısının alınması ilə bağlı nəzarətin gücləndirilməsinə dair tədbirlər haqqında Fərman imzalayıb. Fərmanda bir çox məsələlər öz əksini tapıb. Eyni zamanda, Fərmanda tikintidə qeyri-leqal əmək münasibətlərinə nəzarət üçün Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi tərəfindən yaradılan Əmək Münasibətlərinin Monitorinqi Mərkəzi vasitəsilə nəzarət mexanizminin formalaşdırılması haqqında tapşırıq verilib. Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi və digər aidiyyəti qurumlarla birgə bu Fərmanın icrası ilə bağlı görüş keçirilib və müvafiq tədbirlər planının tutulmasına başlanılıb.
AZƏRTAC xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədr müavini Ülvi Mehdiyev məlumat verib.
Ü.Mehdiyev qeyd edib ki, əsas məqsəd pilot layihə olaraq Bakı şəhərində tikilən çoxmənzilli yaşayış binalarında çalışan vətəndaşlarla əmək müqaviləsinin imzalanmasına nail olmaqdır. O deyib: “Bu, həm tikintidə işləyən vətəndaşların hüquqlarının təmin olunmasına xidmət edir, həm tikintini aparan sahibkarların xeyrinədir, həm də dövlət üçün əhəmiyyətli tədbirdir. Bununla da faktiki iş yeri olan vətəndaşların dəqiq uçotu aparılacaq. Bu, həmçinin tikintidə işləyən vətəndaşların gələcəkdə sosial təminat hüquqlarından faydalanması üçün onların əmək müqavilələrinin rəsmiləşdirməsi baxımından zəruridir”.
O qeyd edib ki, bu işlərin görülməsi üçün Əmək Münasibətlərinin Monitorinqi Mərkəzi yaradılacaq. Mərkəz aidiyyəti qurumlarla birgə tikinti obyektlərindəki insan resursları ilə bağlı müqayisəli təhlillər aparacaq və qeyri-rəsmi əmək münasibətlərinin olmasına dair şübhə yarandıqda səyyar monitorinq qrupları yerində araşdırma aparmaq üçün obyektə göndəriləcək. Qeyri-leqal əmək, yəni əmək müqaviləsinin olmaması müəyyənləşdikdə inzibati tənbeh tədbirləri görüləcək. Tərkibində cinayət məsuliyyəti olan işlərdə "ASAN xidmət" topladığı faktları sənədləşdirərək aidiyyəti dövlət orqanlarına təqdim edəcək.