ELM VƏ TƏHSİL
Timuçin Əfəndiyev: Xoreoqrafiya sənətinin inkişafı üçün ən vacib sahə pedaqogikadır
Bakı, 3 may, AZƏRTAC
Bakı Xoreoqrafiya Akademiyasında elmi şuranın geniş tərkibli iclası keçirilib.
Akademiyadan AZƏRTAC-a bildirilib ki, şuranın sədri, Akademiyanın rektoru, əməkdar elm xadimi, professor Timuçin Əfəndiyev respublikamızda təhsilə dövlət qayğısından, Prezident İlham Əliyevin bu sahənin inkişafı istiqamətində imzaladığı fərman və sərəncamlardan bəhs edib. Rektor bildirib ki, Azərbaycanda dövlət səviyyəsində bədii təhsilə, xüsusilə də xoreoqrafiya təhsilinə və ümumilikdə klassik və milli rəqs sənətlərinə göstərilən diqqət Akademiya qarşısında duran vəzifələrin icrasına daha məsuliyyətlə yanaşmanı və əlavə olaraq, planlı şəkildə elm, təhsil və yaradıcılıq işlərinin görülməsini zəruri edir. Rektor elmi-tədqiqat işlərinin planlaşdırılması, strukturunun qurulması, o cümlədən ümumi istiqamətin müəyyənləşdirilməsi ilə bağlı bir sıra məsələlərə toxunub. O, Akademiyada aparılan və nəzərdə tutulan elmi-tədqiqat işlərindən, respublikada təhsil, mədəniyyət və incəsənətin müxtəlif sahələrinin inkişafı üçün mühüm əhəmiyyət kəsb edən prioritet elm sahələrindən də söz açıb.
Akademiyada magistr pilləsi üzrə təhsilin təşkili ilə bağlı qarşıda duran vəzifələrdən danışan T.Əfəndiyev qeyd edib ki, xoreoqrafiya sənətinin inkişafı üçün ən vacib elm və təhsil sahəsi pedaqogikadır. Bu sahədə mövcud potensialın inkişafı və xarici təcrübədən istifadə mühüm məsələlərdəndir. Bu baxımdan Akademiyada dünya şöhrətli xoreoqrafların ustad dərsləri tələbələrimiz üçün dünyada mövcud rəqs cərəyanları barədə məlumat almaq və daha peşəkar rəqqas olmaq üçün imkanlar yaradıb. Bununla yanaşı, qeyd edilib ki, xoreoqrafiya və incəsənətin digər mühüm sahələrinin tədqiqi, inkişafı və təbliğinə xidmət edən “Sənət Akademiyası” elmi nəzəri jurnalının nəşri və ikinci nömrəsinin hazırlanması da bu istiqamətdə atılmış ən mühüm addımlardandır.
Sonra iclasın gündəliyindəki məsələlər barədə məlumat verilib.
Pedaqogika elmləri doktoru, professor Tamilla Kəngərlinskaya “Tələbə xoreoqrafların peşə hazırlığında pedaqogikanın rolu” mövzusunda məruzə ilə çıxış edib. Bildirilib ki, müasir dövrdə informasiya texnologiyalarının inkişafı nəticəsində müəllim-tələbə münasibətləri yeni dövrünü yaşayır. Əyani tədris vəsaitlərinin, kütləvi şəkildə yayılan audio-video materiallarının çeşidi müəllim-pedaqoqlara rəqabət yaradaraq, onlardan tədris prosesinə daha innovativ yanaşmanı və mütərəqqi tədris üsullarından istifadəni tələb edir.
Daha sonra mövzu ilə bağlı çıxışlar olub, mövzunun aktuallığı qeyd edilib.
Yay imtahan sessiyasına hazırlıq və əmək intizamı barədə Akademiyanın tədris işləri üzrə prorektoru, dosent Sevda Sadıxbəyova, aparılan elmi-tədqiqat və yaradıcılıq işlərinin vəziyyəti barədə elm və yaradıcılıq işləri üzrə prorektor, əməkdar incəsənət xadimi, dosent Sonaxanım İbrahimova hesabat veriblər. Qeyd olunub ki, mayın 6-da Akademiyada “Heydər Əliyev və Azərbaycan incəsənəti” mövzusunda Respublika elmi nəzəri konfransı, mayın 16-dan 20-dək isə Qəmər Almaszadə adına klassik və milli rəqs üzrə I Beynəlxalq müsabiqə keçiriləcək. Vurğulanıb ki, müsabiqəyə hazırlıq gedir. Aprelin 18-dən 22-dək keçirilmiş kastinqin nəticələrinə görə müsabiqədə Azərbaycan da daxil olmaqla 9 ölkədən 212 rəqqas iştirak edəcək. Müsabiqənin münsiflər heyətinə həm Azərbaycan, həm də dünyanın məşhur xoreoqrafları daxildir.
İclasda cari məsələlər müzakirə edilib, müvafiq qərarlar qəbul olunub.