QAN YADDAŞI
Timuçin Hacıbəylinin Fransa mətbuatında erməni fitnəkarlığından və azərbaycanlılara qarşı törətdikləri soyqırımından bəhs edən məqaləsi aktuallığını bu gün də saxlamaqdadır
Paris, 1 aprel (AZƏRTAC). Taleyin hökmü ilə xarici ölkələrdə yaşamağa məcbur olmalarına baxmayaraq, qəlbləri daim Vətən həsrəti ilə döyünən soydaşlarımızın əksəriyyəti ölkəmizdə baş verən hadisələrə seyrçi münasibət bəsləməmiş, yeri gəldikcə Azərbaycanla bağlı həqiqətləri yaşadıqları ölkələrin xalqlarına çatdırmaq məqsədi ilə müxtəlif vasitələrdən istifadə etmişlər. Belə soydaşlarımızdan biri də görkəmli bəstəkarımız Üzeyir Hacıbəylinin qardaşı Ceyhunun kiçik oğlu Timuçin Hacıbəyli olmuşdur.
Ata-baba yurdu Azərbaycanın əzəl torpağı Dağlıq Qarabağ bölgəsi ətrafında hadisələrin gərginləşməsi Fransada yaşayan soydaşımızı narahat etməyə bilməzdi. Timuçin Hacıbəyli yaranmış vəziyyətlə bağlı Parisdə nəşr olunan “Aralıq dənizi və Qərb müsəlmanları jurnalı”nın 1988-ci il tarixli 48-49 nömrəsində dərc etdirdiyi “Dağlıq Qarabağ məsələsi azərbaycanlının nöqteyi-nəzəri ilə” sərlövhəli məqalədə erməni fitnəkarlığından və azərbaycanlılara qarşı törətdikləri soyqırımlarından ətraflı bəhs etmişdir.
Məqalənin bu gün də aktuallığını saxladığını və yazıda maraqlı məqamlara toxunulduğunu nəzərə alaraq, onun xülasəsini təqdim etməyi məqsədəuyğun hesab etdik.
X X X
Azərbaycanlıların əsrlər boyu bütün xalqların nümayəndələri, o cümlədən ölkəmizdə məskunlaşan ermənilərlə mehriban və dostluq şəraitində yaşadıqlarını, çətin vaxtlarda duz və çörəklərini onlarla bölüşdüyünü diqqətə çatdıran T.Hacıbəyli ermənilərin Dağlıq Qarabağ iddiasının onu şoka saldığını qeyd etmişdir.
Müəllif başqa xalqın mədəni irsini öz adlarına çıxmaqda mahir olan ermənilərin saxtakarlığına toxunaraq, bir çox erməni tarixçilərinin öz əsərlərində əmisi Üzeyir bəy Hacıbəylinin “O olmasın, bu olsun” və “Arşın mal alan” əsərlərinin dünyada erməni operettaları kimi qələmə vermək cəhdlərindən söhbət açmış, “Arşın mal alan” əsərinin atası tərəfindən fransız dilinə tərcümə edildiyini və 1925-ci ildə Parisin “Femina” teatrında oynanıldığını bildirmişdir.
Dağlıq Qarabağdan bəhs edən müəllif vaxtilə Azərbaycanda alban tayfalarının yaşadıqları, ərəblərin ölkəmizə hücumu nəticəsində onların əksəriyyətinin islam dinini qəbul etdiyi, sonralar bu ərazilərdə yerləşdirilən ermənilərin alban abidələrini özünküləşdirdikləri barədə oxuculara məlumat vermişdir.
Məqalədə ermənilərin Azərbaycanda yerləşdirilməsindən ətraflı bəhs olunmuşdur. Müəllif göstərmişdir ki, 1828-ci ildə çar Rusiyası ilə İran arasında bağlanmış sülh müqaviləsindən sonra Türkiyə və İrandan kütləvi şəkildə köçürülən 130 mindən artıq erməni çar Rusiyasının apardığı siyasətə uyğun olaraq Dağlıq Qarabağ və Naxçıvan ərazilərində yerləşdirilmişdir. Həmin dövrdə Naxçıvan ərazisində 17 138 azərbaycanlı və 2690 erməni, Yerevanda 49875 azərbaycanlı və 10073 erməni yaşamışdır.
Ermənilərin azərbaycanlılara qarşı dəfələrlə soyqırımı törətdiklərini xatırladan T.Hacıbəyli “böyük Ermənistan imperiyası” yaratmaq kimi xam xəyala düşən ermənilərin XX əsrin əvvəllərindən etibarən öz çirkin niyyətlərini həyata keçirməyə başladıqlarını, 1905-ci ildə baş vermiş ilk soyqırımı zamanı ermənilərin Azərbaycanda yüzlərlə evi yerlə-yeksan etdiklərini, 10 mindən artıq azərbaycanlını qətlə yetirdiklərini diqqətə çatdırmışdır.
Növbəti soyqırımının 1918-1920-ci illərdə baş verdiyindən söhbət açılan məqalədə həmin dövrdə Bakı bolşevik təşkilatına rəhbərlik edən Stepan Şaumyanın məxfi tapşırığı ilə Şamaxı, Quba, Lənkəran, Naxçıvan və digər bölgələrdə 12 min azərbaycanlının amansızlıqla qətlə yetirildiyini vurğulamışdır. Daha sonra 1948-1953-cü illərdə azərbaycanlıların Ermənistandan kütləvi şəkildə çıxarılması və nəhayət, 1988-ci ildə növbəti soyqırımının başladığı məqalədə yer almışdır.
Dağlıq Qarabağ ərazisinə ermənilərin iddiasından söhbət açan müəllif maraqlı bir məqama toxunaraq A.Mikoyanın V.Leninə ünvanladığı məktubu misal gətirir. Həmin məktubda A.Mikoyan Ermənistan hökumətinin daşnaklardan ibarət üzvlərinin Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi iddiası ilə çıxış etdiklərini, amma yerli əhalinin heç vaxt əlaqədə olmadıqları Yerevanla deyil, Bakı ilə əlaqədə yaşamaq istədiklərini bildirmişdir.
Milçəkdən fil düzəltməkdə böyük səriştələri olan erməni liderləri və tarixçiləri hər dəfə Dağlıq Qarabağın guya 1923-cü ildə Stalin tərəfindən Azərbaycana verildiyi haqda gülünc fikri ortalığa atdıqlarını qeyd edən T.Hacıbəyli bildirir ki, Rusiya Kommunist Bolşeviklər Partiyası Mərkəzi Komitəsinin Qafqaz təşkilatının 1921-ci il iyulun 5-də keçirdiyi yığıncaqda Dağlıq Qarabağın Azərbaycanın əzəli ərazisi olduğu rəsmən təsdiqlənmişdir. Halbuki həmin vaxt İ.Stalin Mərkəzi Komitənin baş katibi deyildi. Ermənilərin növbəti tarixi saxtakarlığı üzə çıxsa da, onlar bu əsaslı faktla barışmaq istəmirlər.
T.Hacıbəyli məqaləsində haqlı bir sual qoyur: 80 min erməninin yaşadığı Azərbaycanın Dağlıq Qarabağına muxtariyyət verildiyi halda, nə üçün 580 min azərbaycanlının yaşadığı Ermənistanda onlara muxtariyyət verilmir?
Məqalədə xatırlanır ki, ciddi faktlarla barışmayan ermənilər Dağlıq Qarabağı Ermənistana birləşdirmək üçün bütün vasitələrdən istifadə etməyə çalışmışlar. 1945-ci ildə Dağlıq Qarabağın Ermənistana verilməsi ilə bağlı Ermənistan rəhbərliyi Ümumittifaq Kommunist (bolşeviklər) Partiyası Mərkəzi Komitəsinin katibi G.Malenkova müraciət etsə də, onların bu müraciətləri yenidən rədd edilmişdir.
T.Hacıbəyli keçən əsrin 60-cı illərindən etibarən ermənilərin gizli şəkildə “böyük Ermənistan” yaratmaq ideyasını reallaşdırmağa çalışdıqlarını, 80-ci illərin sonlarından isə bu istiqamətdə fəallaşdıqlarını, Sumqayıt hadisələrinin ermənilər tərəfindən həyata keçirildiyini, Qriqoryan familiyalı bir nəfərin 6 ermənini qətlə yetirməsinin digər səbəblərlə birlikdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin başlanmasında əsas rol oynadığını diqqətə çatdırmış, bu sahədə xaricdəki erməni lobbisinin fəaliyyətini xüsusi vurğulamışdır.
Müəllif təəssüf hissi ilə qeyd edir ki, həmin vaxtlar dünya mətbuatı Ermənistanda və Dağlıq Qarabağda baş verən hadisələri geniş işıqlandırdıqları halda, yalnız bir xarici mətbuat Azərbaycana dair informasiya xarakterli məlumat dərc etmişdir.
Soydaşımız Timuçin Hacıbəylinin məqaləsi Azərbaycan həqiqətlərini, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin köklərini fransız oxucularına çatdırmaq baxımından xüsusi əhəmiyyət daşıyır.
Əsgər Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Paris