İQTİSADİYYAT


Tirana Ticarət Palatası Azərbaycanla qarşılıqlı əməkdaşlıqda maraqlıdır

Bakı, 8 fevral, AZƏRTAC

Tirana Ticarət Palatası Azərbaycanla qarşılıqlı əməkdaşlıqda maraqlıdır.

Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasından AZƏRTAC-a bildirilib ki, bu fikir ASK-nın prezidenti Məmməd Musayevin Albaniya Respublikasına səfəri çərçivəsində Albaniya Tirana Ticarət Palatasının sədri Nikolin Jaka ilə görüşü zamanı səslənib.

Görüşdə iki ölkənin özəl sektoru arasında iqtisadi sahədə mövcud vəziyyəti, ticarət əlaqələrinin, investisiya imkanlarının və gələcək əməkdaşlığının inkişaf perspektivləri müzakirə edilib.

ASK-nın prezidenti Məmməd Musayev son vaxtlar ölkəmizdə yaradılan əlverişli biznes və investisiya mühitindən, bu sahəyə olan dövlət qayğısından söhbət açıb. M.Musayev albaniyalı iş adamlarını da azərbaycanlı həmkarları ilə fəal əməkdaşlığa dəvət edib.

Tirana Ticarət Palatasının sədri Nikolin Jaka bildirib ki, Azərbaycanla iqtisadi əlaqələrin, xüsusilə də aqrar sahənin inkişafına xüsusi önəm verirlər. İki ölkənin iş adamları arasında əməkdaşlığın genişlənməsində maraqlı olduqlarını qeyd edən Nikolin Jaka daha sonra rəhbərlik etdiyi Tirana Ticarət Palatası haqqında da geniş məlumat verib. Bildirib ki, 1897-ci ildə yaradılmış və Albaniya Respublikası sahibkarlarının 70 faizdən çox hissəsini üzv kimi təmsil edən Tirana Ticarət Palatası iqtisadiyyatın bütün sahələrində fəaliyyət göstərən iş adamlarına xidmət göstərir. Əsas fəaliyyət istiqamətləri – sənaye, aqrar sahə və turizm olduğunu qeyd edən palata sədri Azərbaycan Sahibkarlar Konfederasiyası ilə də əməkdaşlığın daha geniş müstəvidə qurulmasında maraqlı olduqlarını dilə gətirib.

Sonda Azərbaycan Sahibkarlar Konfederasiyası ilə Tirana Ticarət Palatası arasında gələcək əməkdaşlıq əlaqələrinin qurulmasına dair razılığa gəlinib. Yaxın gələcəkdə hər iki təşkilat arasında Əməkdaşlıq üzrə Anlaşma Memorandumunun imzalanması nəzərdə tutulur.

Qeyd edək ki, səfər çərçivəsində ASK-nın prezidenti Məmməd Musayev Albaniyanın bir sıra istehsal müəssisələrində olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.