İQTİSADİYYAT
“Titan” robotu MDB ölkələri arasında ilk dəfə olaraq Azərbaycanda nümayiş etdiriləcəkdir VİDEO
Bakı, 29 noyabr (AZƏRTAC). Dekabrın 2-dən 4-dək Bakı Ekspo Mərkəzində keçiriləcək “Telekommunikasiya və İnformasiya texnologiyaları” sərgisində (“BakuTel-2013”) MDB ölkələri arasında ilk dəfə olaraq Azərbaycanda “Titan” robotu nümayiş etdiriləcəkdir.
Sərginin təşkilatçısı olan “İteca Caspian” şirkətindən AZƏRTAC-a bildirmişlər ki, “Titan” robotu Tokiodan tutmuş Vankuverə qədər bir çox dünya ölkələrini gəzmiş, Əbu-Dabidə “Qran-pri Formula 1” yarışında (“ABU DHABI F1 GRAND PRIX”) qonaq olmuş və iri şirkətlərin, eləcə də məşhur brend və markaların təqdimatlarında iştirak etmişdir. “Titan” robotu Rihannanın konsert turnesinə də qatılmış, məşhur aktyorların çəkildikləri bir sıra filmlərdə rol almışdır.
Həm hərəkət edən, həm də insanlarla dialoq quran bu nəhəng robot onu görənləri heyrətə gətirir. Lakin çox keçmədən hamı onu sevməyə başlayır və insanlar ona yaxınlaşaraq toxunmaq istəyirlər.