İDMAN
Tiyedə Azərbaycanın dövlət himni səslənib
Bakı, 27 mart, AZƏRTAC
Bədii gimnastika üzrə yığma komandamızın əsas heyəti yeni Olimpiya dövrünün ilk böyük yarışına qatılıb. Ənənəvi Qran-pri yarışlarında ölkəmizi təmsil etmək üçün Marina Durunda, həmçinin Ayşən Bayramova, Siyana Vasileva, Diana Doman, Aleksandra Platonova və Elif Zeynep Celepdən ibarət qrup hərəkətləri komandamız Fransanın Tiye şəhərinə yollanıb.
Bu barədə AZƏRTAC-a Azərbaycan Gimnastika Federasiyasından məlumat verilib.
Turnirin ilk günündə qrup hərəkətləri komandamız çoxnövçülük yarışlarında çıxış edərək, yalnız son dünya çempionu İtaliya komandasına cüzi xalla uduzub və ikinci yerə sahib olub. Lakin qızlarımız bununla kifayətlənməyiblər. Onlar turnirin sonuncu günündə parlaq çıxışları ilə yadda qalaraq, hər iki finalda qızıl medal əldə ediblər.
Təəssüflər olsun ki, yığmamızın lideri Marina Durunda turnirin başlamasına bir gün qalmış zədə alaraq, yarışda çıxış edə bilməyib. Onun məşqlərə nə zaman davam edəcəyi Bakıda keçəcəyi müayinələrin nəticələrindən asılı olacaq.
Qrup hərəkətləri komandamızı isə aprelin ilk həftəsində İtaliyanın Pesaro şəhərində keçiriləcək dünya kuboku yarışları gözləyir.