İQTİSADİYYAT
Tobias Baumann: Aİ-Azərbaycan biznes forumu işgüzar münasibətlərin möhkəmlənməsinə imkan yaradır
Bakı, 8 iyun, AZƏRTAC
Bugünkü Avropa İttifaqı (Aİ)-Azərbaycan biznes forumunda Avropa və Azərbaycanın biznes şirkətlərini və hökumətini təmsil edən 500-dən çox nümayəndə bir araya gəlib. Bu forum bir çox məsələlərin müzakirəsinə, biznes münasibətlərinin daha da möhkəmlənməsinə imkan yaradır.
Bu fikirləri AZƏRTAC-a müsahibəsində Alman-Azərbaycan Xarici Ticarət Palatasının icraçı direktoru Tobias Baumann səsləndirib.
“Forum beş panellə davam edir. Panellərdə Azərbaycanda iqtisadi islahatlar, ətraf mühit texnologiyaları, nəqliyyat, logistika və digər sektorlara aid bir çox mövzular barədə geniş müzakirələr aparılacaq. Bu, Avropa İttifaqı ölkələri və Azərbaycan şirkətləri arasında əlaqələrin daha da güclənməsinə kömək edəcək. Bugünkü forumun məqsədi ölkələrimiz arasında şəbəkələşməni artırmaq, biznes mühitini, onunla bağlı çağırış və imkanları müzakirə etməkdir”, - deyə T.Baumann bildirib.