REGİONLAR


Tofiq Quliyevin əsərlərinin ifası üzrə  muxtar respublika müsabiqəsinin qalibləri mükafatlandırılıb

Naxçıvan, 4 iyul, AZƏRTAC

Görkəmli bəstəkar Tofiq Quliyevin 100 illik yubileyi ilə bağlı Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə keçirilən Tofiq Quliyevin əsərlərinin ifası üzrə muxtar respublika müsabiqəsinin qalibləri mükafatlandırılıb.

AZƏRTAC xəbər verir ki, Naxçıvan Musiqi Kollecində müsabiqənin başa çatması ilə əlaqədar yekun konserti olub.

Konsertdən əvvəl Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyinin aparıcı məsləhətçisi Leyla Əlimərdanova çıxış edərək müsabiqədə muxtar respublikanın uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəblərinin şagirdləri ilə yanaşı, Naxçıvan Musiqi Kollecinin tələbələrinin də iştirak etdiklərini bildirib. Müsabiqə 3 yaş qrupunu əhatə etməklə fortepiano, xalq çalğı alətləri, simli və nəfəs alətləri, vokal ixtisasları üzrə keçirilib. Müsabiqədə fortepiano üzrə 58, xalq çalğı alətləri üzrə 62, simli və nəfəs alətləri üzrə 23, vokal üzrə 13 iştirakçı öz istedad və bacarığını göstərib. Müsabiqənin keçirilməsi məqsədilə təşkilat komitəsi və tanınmış musiqiçi-müəllimlərdən ibarət münsiflər heyəti yaradılıb.

Qeyd edilib ki, 6 iştirakçı I, 14 iştirakçı II, 19 iştirakçı isə III dərəcəli diplom olmaqla Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyi tərəfindən qiymətləndiriliblər. Bundan başqa, iştirakçılar 19 diplom və 24 fəxri fərmana layiq görülüblər. Müsabiqənin əsas məqsədlərindən biri də görkəmli bəstəkarın irsinin öyrənilməsi və təbliğ edilməsi, istedadlı gənc və yeniyetmələrin, uşaqların aşkara çıxarılması olub.

Sonra müsabiqənin qaliblərinə diplom və fəxri fərmanlar təqdim edilib.

Tədbirin bədii hissəsində görkəmli bəstəkarın əsərləri səsləndirilib. Naxçıvan Musiqi Kolleci tələbələrinin, muxtar respublikanın Sədərək, Şahbuz, Naxçıvan, Culfa uşaq musiqi məktəbləri şagirdlərinin ifasında görkəmli sənətkarın “Axşam mahnısı”, “Neftçi mahnısı”, “Arzular”, “Qaytağı”, “Vals”, “Rəqs” və başqa rəngarəng musiqi əsərləri ifa olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.