DÜNYA
“Tokio-2020” Olimpiadasına hazırlıqla bağlı yeni yol örtüyü sınaqdan keçirilib
Tokio, 1 sentyabr, AZƏRTAC
Avqustun 31-də marafonçular və bu yarışa kolyaskada qatılan idmançılar Tokioda temperaturu aşağı salan yeni örtük çəkilmiş yolun sınağını keçiriblər.
Belə örtükdən 2020-ci ildə Yaponiya paytaxtında təşkil olunacaq Olimpiya və Paralimpiya oyunları zamanı istifadə olunması nəzərdə tutulur. Həmin vaxt havanın temperaturunun çox yüksək olacağı proqnozlaşdırılır.
Paytaxtın Şibuya rayonundakı küçələrdən birində yeni örtüyü sınaqdan keçirən idmançılar arasında keçmiş marafonçu Toşihiko Seko da olub. Yeni yol örtüyü infraqırmızı şüaları əks etdirərək onun isinməsinə imkan vermir.
Yeni örtüklə adi örtüyü müqayisə edən T.Seko bildirib ki, onlar arasında hiss ediləcək dərəcədə böyük fərq var.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio