DÜNYA
“Tokio-2020” Olimpiya Oyunlarının təşkilatçıları lotereyadan 100 milyon dollar gəlir götürməyi planlaşdırırlar
Tokio, 21 avqust, AZƏRTAC
Yaponiyanın hökumət orqanları Tokioda keçiriləcək Yay Olimpiya Oyunları ilə əlaqədar beş ümummilli lotereyanın keçirilməsini və bu yolla 100 milyon dollar mənfəət götürməyi planlaşdırır. Həmin lotereyalardan birincisinin yaxın zamanlarda keçirilməsi nəzərdə tutulur.
Bir lotereya biletinin qiyməti 200 yen (təqribən 2 dollar) təşkil edəcək və biletlərin satışı sentyabrın 6-da başa çatacaq. Eyni lotereyaların Olimpiya Oyunlarınadək daha dörd dəfə kecirilməsi planlaşdırılır.
Bu beş lotereyanın ümumi uduş fondu 202 milyon yenə (2 milyon dollar) bərabər olacaq. Hökumət biletlərin satışından 100 milyon dollar mənfəət götürməyi nəzərdə tutur. Bu gəlir Oyunlarla bağlı idman obyektlərinin və digər infrastrukturun inşasına sərf ediləcək.
Hazırda “Tokio-2020” Olimpiadasına ciddi hazırlıq gedir. Təşkilatçıların fikrincə, bu oyunlar Gündoğar ölkənin qabaqcıl texnologiyalarını bütün dünyaya nümayiş etdirməlidir. Xüsusən hidrogen texnologiyalarının tətbiqi ilə çalışan energetika və avtomobil texnikasının nümayişinə xüsusi diqqət yetiriləcək. Eyni zamanda, möhtəşəm yarışların çoxsaylı tamaşaçılarına xidmət göstərəcək robotlardan istifadə Tokio Olimpiya Oyunlarının vizit kartına çevriləcək.
Növbəti Olimpiya Oyunlarının daha bir xarakterik cəhəti onun çox yığcam ərazidə keçirilməsi olacaq. Belə ki, təşkilatçıların qənaətinə görə, yarışların keçiriləcəyi bütün idman obyektləri bir-birindən ən çoxu səkkiz kilometr məsafədə yerləşəcək. Bu, bir stadiondan və ya idman kompleksindən digərinə hərəkət etmək üçün cəmi 30 dəqiqə sərf olunmasına imkan yaradacaq.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio