MƏDƏNİYYƏT
Tokio Beynəlxalq Film Festivalı çərçivəsində “Nabat”ın ilk Asiya təqdimatı VİDEO
Oktyabrın 24-də Tokio Beynəlxalq Film Festivalı çərçivəsində Yaponiya paytaxtının mərkəzində yerləşən Ropponqi Hillsin “Toho sinemas” kinoteatrında Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının istehsalı olan “Nabat” filminin təqdimatı keçirilib.
Film kino mütəxəssisləri və tamaşaçılar tərəfindən böyük rəğbət və alqışlarla qarşılanıb.
“Nabat” filminin Tokio Beynəlxalq Film Festivalında müsabiqə proqramı çərçivəsində bu nümayişi ekran əsərinin ilk Asiya təqdimatıdır.
Təqdimat mərasimində filmin rejissoru Elçin Musaoğlu, baş rolun ifaçısı Fatimə Motamed Arya iştirak ediblər.
Mərasimdən sonra keçirilən mətbuat konfransında Elçin Musaoğlu bildirib ki, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə istehsal edilmiş “Nabat” filmində ölkəmizin ədalətsiz olaraq cəlb edildiyi Qarabağ müharibəsinin dramatik hadisələrindən biri canlandırılır. Ekran əsərinin baş qəhrəmanı Nabat xala Qarabağın müharibə zolağında olan dağ kəndlərindən birində yaşayır. Kəndin sakinləri növbəti güclü atəş yağışından sonra evlərini tərk edirlər. Nabat xala isə xəstə həyat yoldaşını və oğlunun məzarını qoyub heç yana getmir. Hər axşam bu qəhrəman qadın kəndin məscidində və bütün evlərdə neft lampaları yandırır. Hər gecə yanan lampaların işığını görən ermənilər uzun müddət kəndə girməyə qorxurlar. Beləliklə bu qəhrəman qadın kəndi düşmənlərdən qoruyur və Azərbaycan ordusunun əsgərləri kəndə girdikdən sonra dünyadan köçür. Film yalnız Azərbaycan qadınının deyil, həm də dünyanı ağuşuna almış müharibələrdə yaxınlarını itirən anaların şücaətini, dözümlülüyünü, qəhrəmanlığını bir daha təsdiq edir. Filmin məqsədi də məhz müharibələrin analara vurduğu zərbəni göstərməkdir. Bu mənada filmin qəhrəmanı Nabat ümumiləşdirilmiş ana obrazıdır.
Təqdimat mərasimində ona ünvanlanmış sualları cavablandıran Fatimə Motamed Arya da bildirib ki, məqsəd müharibənin harada olmasından, kimin məğlub, kimin qalib gəlməsindən asılı olmayaraq, onun ən çox ziyan vurduğu insanların məhz analar olduğunu göstərməkdir.
“Nabat” filmi doqquz gün ərzində Tokionun məşhur “Ropponqi Hills”, “TOHO Cinemas Nihonbashi” və digər kinoteatrlarında nümayiş olunacaq.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio