MƏDƏNİYYƏT
Tokio Beynəlxalq Film Festivalının qalibi müəyyənləşdi
Oktyabrın 23-dən 31-dək Yaponiyanın paytaxtında keçirilən 27-ci Tokio Beynəlxalq Film Festivalının baş mükafatına ABŞ və Fransa kinomatoqrafçılarının birgə istehsalı olan “Allah bilir ki, nə” (Heavens Knows What) filmi layiq görülüb. Filmin baş rejissorları Ben və Coşua Sefdi qardaşlarıdır.
Mükafatlandırma mərasimini açan aparıcının festival çərçivəsində bəyəndiyi film barədə sualını cavablandıran festivalın muzası, tanınmış yapon aktrisası Miki Nakatanı bildirib ki, müsabiqəyə təqdim olunan filmlər içərisində ən çox Azərbaycan kinomatoqrafçılarının çəkdiyi “Nabat” filmi xoşuna gəlib. Aktrisa vurğulayıb ki, indiyədək müharibə haqqında belə maraqlı filmə baxmayıb. M.Nakatanı real həyata bağlılığı ilə seçilən ekran əsərinə görə filmin rejissoru Elçin Musaoğluna və baş rolun ifaçısı Fatimə Motamed Aryaya təşəkkürünü bildirib.
Sonra mükafatların təqdim olunması mərasimi keçirilib. Ben və Coşua qardaşları ən yaxşı rejissor işinə görə də festivalın mükafatını alıblar.
Rusiya rejissoru Aleksandr Kottun “Sınaq” (Испытание) filmi tamaşaçı simpatiyası və bədii dəyərlərə görə mükafatlarına, “Kağız ay” (Paper Moon) filmində yaratdığı obraza görə yapon kinoaktrisası Rie Miyazava ən yaxşı qadın ifaçı, Polşa aktyoru Robert Vançkeviç isə “Qüdrətli mələk” (The Mighty Angel) filmində yaratdığı kişi obrazına görə ən yaxşı ifaçı mükafatlarına layiq görülüblər.
Festivalın münsiflər heyətinin xüsusi mükafatı Bolqarıstan və Yunanıstan kinomatoqrafçılarının birgə istehsalı olan “Dərs” (The Lesson) filminə verilib.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio