DÜNYA
Tokio Fond Birjasında “Nikkey” indeksi son üç ayda ən yüksək həddə çatıb
Tokio, 5 sentyabr, AZƏRTAC
Asiyanın ən böyük Tokio Fond Birjasında (TFB) hərraclar yenin zəifləməsi fonunda kotirovkaların artımı ilə başlayıb. Belə ki, ölkənin 225 aparıcı şirkətini özündə birləşdirən “Nikkey” indeksi ilk 15 dəqiqədə 1,1 faiz artaraq texniki maksimumu təzələyib və 17 min 111,73 bəndinə çatıb. Bütün şirkətlərin və birjanın birinci elit seksiyasının səhmlərini əks etdirən daha geniş TOPİX indeksi də 1,01 faiz artaraq 1354, 24 bənd təşkil edib.
Analitiklərin qənaətinə görə, TFB-də artımın əsas səbəbi yenin artıq bir neçə gündür ki, davam edən zəifləməsidir. Bu, əsasən xarici bazara yönələn şirkətlər üçün sərfəlidir. Yaranmış vəziyyəti şərh edən “Tokai Tokyo Research Center”in eksperti Şyozi Hirakava bildirib ki, dolların möhkəmlənməsi və yenin zəifləməsi ixracatçı şirkətlərin səhmlərinin alınmasına təkan verib.
Tokioda hərracların başlaması məqamında dolların məzənnəsi sentyabrın 2-dəki 103,37-103,38 yenə qarşı 103,95-103,96 yenə bərabər olub.
Yenin zəifləməsi fonunda ölkənin “Toyota Motor” (+0,99 faiz), “Nissan Motor” (+1,21 faiz), “Mazda Motor” (+1,60 faiz), həmçinin elektronika satışı sahəsində tanınmış “Sony” (+2,21 faiz) kimi əsas ixracatçı şirkətlərinin səhmlərinin qiyməti artıb.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio