DÜNYA


Tokio Rusiya Prezidentinin Yaponiyaya səfəri zamanı sıçrayışa nail olmaq niyyətindədir

A+ A

Tokio, 3 sentyabr, AZƏRTAC

Sentyabrın 2-də Vladivostokda təşkil edilmiş Şərq İqtisadi Forumu çərçivəsində Rusiya Prezidenti Vladimir Putinin Yaponiyanın Baş naziri Şinzo Abe ilə görüşü keçirilib.

Mütəxəssislər bu görüşü hər iki tərəf üçün mühüm əhəmiyyətə malik hadisə kimi qiymətləndirirlər. Belə ki, əgər Yaponiya tərəfi bu görüşü iki ölkə arasında hələ də problem olaraq qalan ərazi mübahisəsi və sülh müqaviləsinin həlli istiqamətində irəliyə doğru addım hesab edirsə, Rusiya tərəfi də Asiyanın ən güclü iqtisadiyyatlarından birinə malik olan bu gündoğar ölkə ilə məhz iqtisadi əlaqələri gücləndirmək, Uzaq Şərq regionunu inkişaf etdirmək məqsədilə bu ölkənin investisiyalarından və müasir texnologiyalarından istifadə üçün əlverişli məqam kimi qiymətləndirir.

II Dünya müharibəsindən sonra keçmiş SSRİ-nin tərkibinə daxil edilən və Yaponiyada şimal əraziləri adlandırılan Kuril adaları silsiləsi bu iki dövlət arasında hələ də mübahisəli olaraq qalır. Yaponiya ictimaiyyəti, onun millətçiliyə meyilli olan əsas hissəsi bu adaların qaytarılmasını ölkə üçün ən mühüm prioritetlərdən biri hesab edir. Hazırda hakim koalisiyaya rəhbərlik edən Baş nazir Şinzo Abenin sədri olduğu Liberal Demokratik Partiya da bunu siyasi və beynəlxalq fəaliyyətinin əsas məqamlarından biri kimi qiymətləndirir. Məhz buna görə də son illər Yaponiya və Rusiya arasında yüksək səviyyəli görüşlər zamanı ərazi məsələsinin toxunulmadığı müzakirələri xatırlamaq mümkün deyil.

Digər tərəfdən təbii sərvətlərlə zəngin olmayan Yaponiya enerji daşıyıcalarına olan tələbatını təmin etmək üçün etibarlı mənbə tapmaqda maraqlıdır. Söz yox ki, zəngin təbii ehtiyatlara malik olan Rusiya bu məsələnin həllində mühüm rol oynaya bilər. Yəni Tokio etibarlı mənbə əldə etməklə yanaşı, həm də sərf olunacaq vəsaiti daha səmərəli istiqamətə yönəltmiş olacaq. Dünya bazarlarında enerji daşıyıcılarının qiymətinin aşağı düşdüyü bir vaxtda Yaponiya həm də əlavə xərc çəkmək, artıq vəsait ödəmək istəmir. Yaponiyaya enerji daşıyıcılarının sabit şəkildə çatdırılması iqtisadi təhlükəsizliyi təmin etmək baxımından da əhəmiyyətlidir. Eyni zamanda, bu gündoğar ölkə xaricdə infrastrukturun, nəqliyyatın, kommunikasiyaların və sairənin inkişafı üçün yapon investisiyalarının tətbiqinə və bununla da təbii sərvətlər bazarı üçün yararlı olan öz ehtiyatlarını artırmağa çalışır. Yaponiya liderinin mayda Soçiyə səfəri zamanı iki ölkə arasında iqtisadi-texniki əməkdaşlığın inkişaf etdirilməsi istiqamətində Rusiya tərəfinə təqdim etdiyi səkkiz bənddən ibarət təkliflər paketi və Vladivostoka səfər ərəfəsində hökumətdə mühüm yerlərdən birini tutan iqtisadiyyat, ticarət və sənaye naziri Hirosiqe Sekonu həm də Rusiya ilə iqtisadi əməkdaşlıq naziri təyin etməsi Tokionun Moskva ilə münasibətlərin inkişafında çox maraqlı olduğunu təsdiq edir. Deməli, iqtisadi əlaqələrin yaxşılaşmasından hər iki tərəf bir çox üstünlüklər əldə etmiş olacaq.

Bəs siyasi sahədə vəziyyət necədir? Burada hər şeyin iqtisadi sahədəki kimi hamar olduğunu söyləmək çətin olsa da, hansısa irəliləyişin əldə oluna biləcəyini gözləmək olarmı? Əgər Rusiyanın nəzarəti altında olan mübahisəli dörd adadan ikisində hərbi infrastrukturun yaradılması istiqamətində atdığı addımları nəzərə alsaq, bu, nə dərəcədə realdır?

Məlum olduğu kimi, məhz bu mübahisəli adalara görə II Dünya müharibəsindən artıq 70 ildən çox vaxt keçməsinə baxmayaraq, hələ də Rusiya və Yaponiya arasında sülh müqaviləsi imzalanmayıb. Moskvanın bu sahədə hansısa güzəştlərə hazır olduğunu söyləmək üçün də heç bir əsas yoxdur.

Yapon ekspertlərinin qənaətinə görə, Tokio Vladivostok görüşündə hansısa sıçrayışın əldə ediləcəyini gözləmir. Lakin V.Putinin cari ilin dekabrında Tokioya və Yamaquçiyə səfəri zamanı bu istiqamətdə uğur əldə etmək niyyətindədir.

Hələlik tərəflərin hansı məsələlərdə razılığa gələcəyini söyləmək çətin olsa da, Tokio ideal şəkildə mübahisəli adaların hamısının qaytarılması üçün böyük sıçrayışa ümid edir. Lakin tarixi faktlar və sənədlər də sübut edir ki, Rusiya heç bir halda adaların hamısını qaytarmaq niyyətində deyil.

Əgər Rusiya Prezidentinin vaxtilə söylədiyi “hər iki tərəf üçün məqbul ola biləcək kompromis” ifadəsini xatırlasaq və onun həmin vaxt işlətdiyi cüdoçulara məxsus “hikivake” (heç-heçə) sözünü yadımıza salsaq görərik ki, proses hələ çox vaxt aparacaq. Yaponiyada da bu ifadənin konkret olaraq hansı nəticələrə aparıb çıxaracağı barədə çoxsaylı ehtimallar irəli sürülməkdə davam edəcək.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.