DÜNYA


Tokio üçüncü ölkələrin gəmilərində Şimali Koreyaya daşınan hərbi məhsullara nəzarəti gücləndirib

Tokio, 27 iyun, AZƏRTAC 

İyunun 27-də Yaponiya hökuməti üçüncü ölkələrə məxsus gəmilərdə Şimali Koreyaya raket-nüvə və digər hərbi proqramlar üçün materialların daşınmasına qarşı tədbirləri gücləndirib. Nazirlər Kabinetinin iclasında təsdiq edilən qərara görə, müvafiq materialların daşınmasının qarşısını almaq üçün üçüncü ölkələrin gəmilərinə və digər nəqliyyat vasitələrinə nəzarət gücləndirilir. Kyodo agentliyinin yaydığı məlumata əsasən, burada söhbət mülki işlər üçün nəzərdə tutulan, lakin hərbi məqsədlərlə istifadəsi mümkün olan materiallardan gedir.

Hökumətin təsdiq etdiyi yeni siyahı yalnız Yaponiyadan deyil, eyni zamanda, üçüncü ölkələrdən Şimali Koreyaya aparılması qadağan edilən əmtəələri özündə əks etdirir. Siyahı barədə açıq məlumat verilmir.

Yaponiya Nazirlər Kabinetinin baş katibi Yoşihide Suqa Tokioda keçirilən mətbuat konfransında deyib: “Biz BMT Təhlükəsizlik Şurasının Şimali Koreya ilə əlaqədar qətnamələrini daha sərt formada həyata keçirmək niyyətindəyik”.

Şimali Koreyanın nüvə və raket sınaqları ilə əlaqədar Tokio bu ölkəyə qarşı öz sanksiyalarını tətbiq edib. İki ölkə arasında ticarət və birbaşa nəqliyyat əlaqəsi kəsilib. Yaponiya limanları Şimali Koreyadan olan gəmilər üçün bağlanıb. Pxenyan ilə Tokio arasında diplomatik əlaqələr də yoxdur.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.