SİYASƏT


Tokioda Azərbaycan və Türkiyənin diaspor təşkilatları birgə fəaliyyət barədə razılığa gəliblər

Tokio, 15 dekabr, AZƏRTAC

Tokioda fəaliyyət göstərən Yaponiya-Azərbaycan Dostluq Mərkəzinin rəhbərliyinin Yaponiya paytaxtında yerləşən Yunus Əmrə İnstitutu Türk Mədəniyyət Mərkəzinin direktoru Hüseyin Tuna ilə görüşündə iki qardaş ölkənin bu gündoğar ölkədə fəaliyyət göstərən diaspor təşkilatları arasında əməkdaşlıq, qədim və zəngin ümumtürk mədəniyyətinin təbliği məqsədilə birgə fəaliyyət istiqamətləri barədə fikir mübadiləsi aparılıb.

Yaponiyada yaşayan azərbaycanlılar tərəfindən cari ilin martında diaspor təşkilatının təsis edildiyini diqqətə çatdıran mərkəzin sədri, Dünya Azərbaycanlılarını Əlaqələndirmə Şurasının üzvü, elektronika sahəsində tanınmış alim Xəlil Kələntər qeyd edib ki, yeni təşkilatın qarşısında duran əsas vəzifələrdən biri də qardaş türk xalqının Yaponiyada yaşayan nümayəndələri ilə əməkdaşlıq münasibətlərinin qurulmasıdır. Bu günlərdə İstanbulda törədilən terror aktları ilə bağlı Yaponiyada yaşayan azərbaycanlıların da kədərləndiyini vurğulayan diaspor rəhbəri bu xain hərəkətlərin böyük türk xalqının inamını sarsıtmayacağına əminliyini bildirib. Qeyd edib ki, Azərbaycan həmişə Türkiyənin yanında olduğu kimi, Yaponiyada yaşayan həmvətənlərimiz də buradakı türklərlə birlikdədirlər.

X.Kələntər qeyd edib ki, müasir tarixi vəziyyət, dünyada baş verən geosiyasi proseslər, qloballaşmanın nəticələri türk xalqları arasında əməkdaşlığın möhkəmləndirilməsini tələb edir. Vahid dilə, mədəniyyətə malik olan türk xalqları bu tarixi zərurəti layiqincə qiymətləndirməli, qarşılıqlı əlaqələrini inkişaf etdirməli, siyasi, iqtisadi, sosial-mədəni və digər sahələrdə tərəfdaşlığı dərinləşdirməyə çalışmalıdırlar. Dünyanın müxtəlif yerlərində fəaliyyət göstərən türkdilli xalqların diaspor təşkilatları son illər bu prosesdə fəal iştirak edirlər. Vurğulanıb ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, ermənilərin uydurduqları qondarma “soyqırımı” iddiaları barədə həqiqətlərin yapon ictimaiyyətinə çatdırılması üçün birgə fəaliyyət daha müsbət nəticələr verə bilər.

Azərbaycan diaspor təşkilatının təşəbbüsünü yüksək qiymətləndirən H.Tuna bildirib ki, artıq uzun müddətdir Yaponiyada fəaliyyət göstərən Yunus Əmrə İnstitutu Türk Mədəniyyət Mərkəzi ümumtürk mədəniyyətinin təbliği, Azərbaycan və Türkiyə barədə həqiqətlərin yapon ictimaiyyətinə çatdırılması məqsədilə əməkdaşlığa hazırdır. Azərbaycan diaspor təşkilatı qarşısına qoyduğu vəzifələrin icrası üçün bu mərkəzin imkanlarından istifadə edə bilər. Mərkəzin xətti ilə Yaponiyanın müxtəlif bölgələrində dostluq mərkəzlərinin yaradılması, bu bölgələrdə yaşayan azərbaycanlılarla birgə fəaliyyət və əməkdaşlıq ümumi işimizin xeyrinə olar.

Görüşdə diaspor təşkilatları səviyyəsində əlaqələrin inkişaf etdirilməsinin məqsədəuyğun olduğu vurğulanıb, birgə fəaliyyətlə bağlı konkret təkliflər səslənib. Qeyd edilib ki, Yaponiyada fəaliyyət göstərən digər türk xalqlarının diaspor təşkilatları arasında əməkdaşlıq əlaqələrinin qurulması, vahid “Türk Günü”nün təşkili, birgə layihələrin həyata keçirilməsi ümumtürk mədəniyyətinin tanıdılması baxımından mühüm rol oynaya bilər.

Görüşdə qarşılıqlı əməkdaşlığın konkret istiqamətləri barədə ətraflı fikir mübadiləsi aparılıb.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.