İQTİSADİYYAT
Tokioda Azərbaycanın inkişaf perspektivlərindən bəhs edən silsilə təqdimatlar keçirilir VİDEO
Tokio, 30 noyabr (AZƏRTAC). Cari il noyabrın əvvəllərində Azərbaycanın Yaponiyadakı səfirliyinin təşəbbüsü ilə ölkəmizdə səfərdə olmuş yapon iş adamları tərəfindən Tokioda Azərbaycanın inkişaf perspektvləri, biznes mühiti və investisiya qoyuluşu imkanlarına həsr edilmiş silsilə təqdimatlar keçirilir.
Yaponiyanın PEMS (Program for Emerging Market Specialist) təşkilatında keçirilən təqdimatda Azərbaycanın Yaponiyadakı səfirliyinin ikinci katibi Rövşən Mirzəyev və bu gündoğar ölkənin 20-dək şirkətinin nümayəndələri və mütəxəssislər iştirak etmişlər.
“World İnvesters TV” internet televiziyasının meneceri, iqtisadçı ekspert Kazuyasu İşida və “Cross Border Club” şirkətinin nümayəndəsi Toru Oe Azərbaycanın iqtisadiyyatı haqqında danışmış, aparıcı sahələr və son illər müşahidə olunan dinamik inkişaf barədə iştirakçılara ətraflı məlumat vermişlər.
Bildirilmişdir ki, ölkə rəhbərliyinin karbohidrogen ehtiyatlarının hasilatından əldə edilən mənfəəti ölkə iqtisadiyyatının tərəqqisinə bacarıqla yönəltməsi nəticəsində Azərbaycan yüksək sürətlə inkişaf edir. Dünya Bankının və digər beynəlxalq maliyyə təşkilatlarının Azərbaycanda həyata keçirilən iqtisadi islahatları, ölkədəki mövcud biznes mühitini yüksək qiymətləndirdiyi vurğulanmışdır.
Toru Oe Bakıda hazırda icra edilən nəhəng layihələrdən - “Khazar İslands”, “Baku White City”, Heydər Əliyev Beynəlxalq Aeroportunun yeni terminalının tikintisindən, Heydər Əliyev Mərkəzindən, Bakı bulvarının genişləndirilməsi və Bakı Metropoliteninin yeni xətlərinin çəkilməsi işlərindən söz açmışdır.
Bildirilmişdir ki, “Avesta” konserni tərəfindən həyata keçirilən “Khazar İslands” layihəsi çərçivəsində Azərbaycan paytaxtında dünyanın ən hündür qülləsinin və ən böyük məscidinin inşası planlaşdırılır.
Təqdimatda çıxış edən K.İşida isə Azərbaycanda biznes imkanları, bu ölkəyə investisiya qoyuluşu ilə əlaqədar onun tərəfindən tərtib edilmiş cədvəl barədə məlumat vermişdir. Qeyd etmişdir ki, əlverişli biznes mühitinin yaradılması istiqamətində Azərbaycanda son illərdə mühüm irəliləyişə nail olunmuşdur. Qanunvericilik sahəsində aparılmış islahatlar, xarici investorlar üçün sadələşdirilmiş prosedurlar haqqında məlumat verilmiş, “Vahid pəncərə” sisteminin tətbiqinin sahibkarlığın təşviqində əhəmiyyətli rolu qeyd olunmuşdur.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio