DÜNYA
Tokioda “Fukusima-1” AES-in operatorunun sabiq rəhbərlərinin məhkəmə prosesi başlayıb
Tokio, 30 iyun, AZƏRTAC
İyunun 30-da Tokioda qəzalı “Fukusima-1” atom elektrik stansiyasının (AES) operatoru olan şirkətin keçmiş rəhbərlərinin məhkəmə prosesi başlayıb. Bu, 2011-ci ilin martında AES-də baş vermiş qəza ilə əlaqədar keçirilən ilk məhkəmə iclasıdır.
“Tokio Electrik Power Co.” şirkətinin sabiq prezidenti Tsunehişa Katsumata və vitse-prezidentlər İçiro Takekuro və Sakae Muto təqsirli şəxs qismində məhkəməyə cəlb olunublar. Məhkəmə prosesi Tokio dairə məhkəməsinin binasında keçirilir.
Müttəhimlər sunami baş verəcəyi təqdirdə faciənin qarşısının alınması üçün müvafiq tədbirlər görməməkdə təqsirləndirilirlər. İttihamın tələbində bildirilir ki, müttəhimlər 44 nəfərin ölümündə, o cümlədən xəstəxanadakı pasiyentlərin uzun müddət binanın daxilində qalmasında təqsirli bilinirlər.
Müttəhimlərin öz tərəflərindən təqsirli olmadıqlarını bildirəcəkləri gözlənilir.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio