DÜNYA
Tokioda Olimpiadanın xərclərinin azaldılması məqsədilə dördtərəfli danışıqlar başlayıb
Tokio, 1 noyabr, AZƏRTAC
Tokio hakimiyyət orqanları 2020-ci ildə keçiriləcək Olimpiadanın artan təşkilati xərclərini azaltmaq üçün Beynəlxalq Olimpiya Komitəsinin (BOK) nümayəndələri ilə danışıqlara başlayıb.
Danışıqlarda Tokio paytaxt hökumətinin və BOK-un nümayəndələri ilə yanaşı, Tokio Olimpiya Oyunları Təşkilat Komitəsinin və Yaponiyanın mərkəzi hökumətinin rəsmiləri də iştirak edirlər.
BOK-un prezidenti Tomas Bax Tokio hökuməti komissiyası Olimpiadanın təşkilati xərclərinin üç trilyon yendən (təqribən 30 milyard dollar) çox olacağı barədə nəticəyə gəldikdən sonra bu danışıqların keçirilməsini təklif edib. Artan xərcləri azaltmaq üçün həmin komissiya Olimpiya yarışlarının keçiriləcəyi yerlərin dəyişdirilməsini məqsədəuyğun hesab edib. Üç gün davam edəcək dördtərəfli danışıqlar qapalı keçirilir.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio