DÜNYA
Tokioda “PAC-3 Patriot” zenit-raket kompleksləri daimi əsaslarla yerləşdiriləcək
Tokio, 22 mart, AZƏRTAC
Yaponiya Müdafiə Nazirliyi Koreya yarımadasında vəziyyətin gərginləşməsi fonunda Tokioda “PAC-3 Patriot” zenit-raket komplekslərinin daimi əsaslarla yerləşdirilməsi barədə qərar qəbul edib. Bu barədə martın 22-də “Yomiuri” qəzeti məlumat yayıb.
Xəbər verdiyimiz kimi, martın 18-də Koreya Xalq Demokratik Respublikası (KXDR) tərəfindən Yapon dənizi istiqamətində iki ballistik raket buraxılışından sonra Tokionun İçiqaya rayonundakı Müdafiə Nazirliyinin yaxınlığında zenit-raket kompleksləri yerləşdirilib. Yaponiya hökumətinin rəyinə görə, zenit-raket komplekslərinin daşınması çox vaxt apardığına görə ölkə üçün təhlükə yaranacağı təqdirdə cavab reaksiyasının sürəti azalır.
Cari ilin yanvarında Pxenyan yerin süni peykini buraxacağı barədə xəbərdarlıq edərkən də zenit-raket kompleksləri müvafiq ərazidə yerləşdirilmişdi. Lakin həmin vaxt “Patriot PAC-3” kompleksləri təyinat yerinə süni peyki daşıyan raketin buraxılışından dərhal sonra göndərilmişdi.
Son üç ayda Pxenyan üç dəfə müxtəlif məsafəli raketlərin sınağını keçirib. Yapon dənizi istiqamətində buraxılan həmin raketlərin sırasında 1,2-1,5 min kilometr məsafəyə uçmağa qadir olan “Nodon” raketləri də olub.
Koreya yarımadasında vəziyyət yanvarın 6-da KXDR tərəfindən nüvə sınağı barədə bəyanat yayıldıqdan sonra gərginləşib. Bundan bir ay sonra Pxenyan tərəfindən Yerin süni peykini daşıyan raket buraxılıb. KXDR-in bu hərəkətləri beynəlxalq ictimaiyyətin kəskin reaksiyasına səbəb olub. Martın 2-də BMT Təhlükəsizlik Şurası KXDR-ə qarşı sanksiyaların daha da kəskinləşdirilməsini nəzərdə tutan qətnamə qəbul edib. Həmin qətnaməyə etirazını bildirən Pxenyan bildirib ki, nüvə sınağı ABŞ-ın düşmən siyasətinə cavab olaraq özünümüdafiə məqsədilə keçirilib, süni peyk isə kosmosun sülh məqsədli tədqiqi üçün buraxılıb.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio