QAN YADDAŞI
Tokioda Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr edilmiş tədbir keçirilmişdir
Tokio, 25 fevral (AZƏRTAC). Azərbaycanın Yaponiyadakı səfirliyində Xocalı soyqırımının 21-ci ildönümü ilə əlaqədar faciə qurbanlarının xatirəsini anma mərasimi keçirilmişdir.
Tədbirdə Tokio ictimaiyyətinin nümayəndələri, Yaponiyadakı Azərbaycan diasporunun üzvləri, yerli və xarici KİV-lərin təmsilçiləri iştirak etmişlər.
Əvvəlcə iştirakçılar səfirliyin zalında Xocalı faciəsini əks etdirən müxtəlif nəşrlərdən və şəkillərdən ibarət sərgi ilə tanış olmuşlar.
Tədbir iştirakçılarına Heydər Əliyev Fondu tərəfindən hazırlanmış və səfirliyə göndərilmiş materiallar, o cümlədən kitablar və broşürlər paylanılmışdır.
Mərasim Xocalı şəhidlərinin xatirəsinin bir dəqiqəlik sükutla anılması ilə başlamışdır.
Azərbaycanın Yaponiyadakı səfiri Gürsel İsmayılzadə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, erməni işğalçıları və sovet ordusunun 366-cı motoatıcı alayı tərəfindən Xocalı şəhərinin dinc sakinlərinə qarşı törədilmiş soyqırımı haqqında geniş məlumat vermişdir.
Bildirilmişdir ki, Xocalıda baş verənlər təkcə Azərbaycan xalqına qarşı soyqırımı deyil, bəşəriyyət, insanlıq əleyhinə törədilmiş qanlı cinayət idi. Qara dənizdən Xəzər dənizinədək olan ərazidə “böyük Ermənistan” dövləti yaratmaq kimi xəstə xülyanın əsiri olmuş erməni millətçilərinin xalqımıza qarşı törətdikləri bu növbəti kütləvi qırğın zamanı 613 nəfər öldürülmüş, 487 nəfər şikəst olmuş, 1275 nəfər dinc sakin - qocalar, uşaqlar, qadınlar girov götürülərək ağlasığmaz zülmə, təhqir və həqarətlərə məruz qalmışlar. 150 nəfərin taleyi hələ də məlum deyildir. Soyqırımı zamanı insanlar xüsusi qəddarlıqla öldürülmüş, diri-diri yandırılmış, başlarının dərisi soyulmuş, bədən əzaları və başları kəsilmiş, gözləri çıxarılmış, hamilə qadınların qarnı süngü ilə deşik-deşik edilmişdir.
Diplomat Xocalıda dinc əhaliyə qarşı törədilmiş qırğının beynəlxalq hüququn normalarına və prinsiplərinə əsasən məhz soyqırımı olduğunu bildirmiş, artıq bir neçə ölkənin və bəzi beynəlxalq təşkilatların Xocalı soyqırımını tanıdıqlarını vurğulamışdır.
Səfir Ağ Evin rəsmi saytında Xocalı soyqırımı ilə bağlı yerləşdirilmiş petisiyanı dəstəkləyən hər bir şəxslə həmfikir olduğunu bildirərək vətəndaşlarımızın, ölkəmizdən kənarda yaşayan soydaşlarımızın və Azərbaycan həqiqətlərini müdafiə edən hər kəsin bu səsvermədə fəal iştirak etməsindən danışmışdır. O, Xocalı soyqırımının 21-ci ildönümü ərəfəsində başlanılmış bu aksiya zamanı ABŞ administrasiyasının petisiyaya baxması üçün tələb olunan 100 min əvəzinə 126 mindən çox imza toplandığını vurğulamışdır.
G. İsmayılzadə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə reallaşdırılan “Xocalıya ədalət!” beynəlxalq kampaniyası çərçivəsində Azərbaycanda və dünyanın müxtəlif ölkələrində həyata keçirilən tədbirlər barədə məlumat vermiş, bunun beynəlxalq ictimaiyyət tərəfindən ermənilərin Xocalıda törətdikləri dəhşətli əməllərə bəşəriyyət əleyhinə cinayət kimi hüquqi-siyasi qiymət verilməsi məqsədilə atılmış mühüm addım olduğunu bildirmişdir.
Tədbirdə Xocalı faciəsini əks etdirən slaydlar pianoçu, beynəlxalq müsabiqələr laureatı Gülnarə Səfərovanın ifasında səslənən Azərbaycan xalq mahnıları və rekviyemlərlə müşayiət olunmuşdur.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio