İDMAN
Tokioda bədii gimnastika üzrə klublararası dünya çempionatı keçirilir VİDEO
Tokio, 26 oktyabr (AZƏRTAC). Oktyabrın 25-də Yaponiyanın paytaxtındakı “Tokyo Metropolitan Gymnasium” idman sarayında bədii gimnastika üzrə klublararası dünya çempionatı – “AEON CUP-2013” başlamışdır.
Yarışda dünyanın 18 ölkəsinin 20 klubunu təmsil edən 60 gimnast mübarizə aparır.
Azərbaycanı çempionatda “Neftçi” klubunun tərkibində Lalə Yusifova, Marina Durunda və yeniyetmə gimnast Jalə Piriyeva təmsil edirlər.
Təntənəli açılış mərasimindən sonra idmançıların çıxışları başlanmışdır. Yarışların birinci raundundan sonra Lalə Yusifova 7-ci, Marina Durunda 8-ci, Jalə Piriyeva isə yeniyetmələr arasında 4-cü yerdə qərarlaşmışdır. “Neftçi” komandası toplanmış xalların cəminə görə 4-cü yerdədir.
Oktyabrın 26-da idmançılarımız finala çıxmaq uğrunda mübarizə aparacaqlar.
Üç gün davam edəcək yarışların final mərhələsi oktyabrın 27-də keçiriləcəkdir.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio