İQTİSADİYYAT
Tokioda keçirilən Beynəlxalq “Foodex 2014” Qida və İçki Sərgisində “Şərq ulduzu” MMC Azərbaycanı yüksək səviyyədə təmsil edir VİDEO
Tokio, 5 mart (AZƏRTAC). Tokionun nəhəng “Makuhari Messe” sərgi salonunda martın 4-də açılmış Beynəlxalq “Foodex 2014” Qida və İçki Sərgisində Azərbaycanı Şəmkir rayonunda fəaliyyət göstərən “Şərq ulduzu” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) yüksək səviyyədə təmsil edir.
Yaponiyada artıq 39-cu dəfə keçirilən “Foodex 2014” sərgisi ənənəvi olaraq dünyanın müxtəlif ölkələrinin qida və içki istehsalı ilə məşğul olan şirkətlərinin, həmçinin bu sektorla əlaqəli dövlət qurumlarının və firmaların nümayəndələrini bir araya gətirir.
Nəhəng “Makuhari Messe” salonunun 8 zalında təşkil edilmiş sərgidə dünyanın 78 ölkəsinin 2808 şirkətinin nümayəndələri iştirak edirlər.
Martın 7-dək davam edəcək sərgidə “Şərq ulduzu” MMC-nin stendi iştirakçılar və ziyarətçilər tərəfindən böyük maraqla qarşılanır.
Sərgidə iştiraka görə Yaponiyanın JETRO şirkətinə və Azərbaycanın Yaponiyadakı səfirliyinə minnətdarlığını bildirən müəssisənin direktoru Əsgər Əlirzayev AZƏRTAC-ın xüsusi müxbirinə bildirmişdir ki, müəssisənin Şəmkir rayonunda 108 hektar üzüm sahəsi vardır. Üzüm bağları Fransa, İran və Gürcüstandan gətirilən və yerli tinglər hesabına salınmışdır.
Şərabçılığın Şəmkirdə ənənəvi istehsal sahəsi olduğunu qeyd edən direktor bu ənənənin indi də yaşadığını və onun davam etdirilməsi istiqamətində mühüm işlər görüldüyünü demişdir. “Şərq ulduzu” MMC-nin fəaliyyəti də bu baxımdan xüsusi əhəmiyyətə malikdir. Məhsul istehsalının ən müasir texnologiya ilə həyata keçirildiyini qeyd edən direktor hazırda zavodda 18 növ şərab buraxıldığını bildirmişdir. O qeyd etmişdir ki, sərgidə müəssisənin məhsulları həm yapon, həm da digər xarici şirkətlərin nümayəndələri tərəfindən böyük maraqla qarşılanır. Azərbaycan iqtisadiyyatının sürətli və dinamik inkişafı haqqında burada yaxşı məlumatlıdırlar. Şərablarımızı da yaxşı tanıyırlar və bu, bizi çox sevindirir.
Sərgidə “Şərq ulduzu”nun Azərbaycan şərabçılığını layiqincə təmsil etməyə çalışdığını bildirən direktor artıq “Orient Star” şirkəti ilə imzalanmış müqaviləyə əsasən ötən ilin oktyabrında ilk konteynerin Yaponiyaya yola salındığını söyləmişdir. O demişdir: “Yapon alıcıları artıq bizim məhsullara maraq göstərirlər. Məhsulumuz yalnız Tokioda deyil, Yaponiyanın başqa şəhərlərində də satışa çıxarılmışdır. Bu günlərdə Yaponiyanın şimal adası olan Hokkaydonun Sapporo şəhərinə ilk nümunələrimiz göndərilmişdir. Ümid edirik ki, məhsulumuzun keyfiyyəti yapon alıcıları qane edəcəkdir”.
Yaponiyanın JETRO təşkilatının nümayəndəsi Takaşi Tsunemi isə bildirmişdir ki, “Şərq ulduzu” şirkətinin məhsulları ekspertlər tərəfindən yüksək qiymətləndirilir. Sərginin ziyarətçiləri də böyük məmnuniyyətlə Azərbaycan şərablarının tamına baxır və onun yaxşı olduğunu bildirirlər. Azərbaycanın “Şərq ulduzu” şirkətinin Yaponiya bazarına uğurla daxil olması iki dost xalq arasında əməkdaşlıq əlaqələrinin daha da inkişaf etməsinə töhfəsini verəcəkdir.
Sərgi çərçivəsində Yaponiya ilə yanaşı, digər ölkələrin nümayəndələri ilə də əməkdaşlıq imkanları müzakirə edilmişdir.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio