DÜNYA
Tokioda milli təhlükəsizlik üzrə qanun layihələrinə qarşı ən böyük mitinq keçirilib
Tokio, 31 avqust, AZƏRTAC.
Avqustun 30-da Yaponiya paytaxtının on minlərlə sakini Tokionun mərkəzində milli təhlükəsizlik üzrə qanun layihələrinə qarşı etiraz aksiyasına toplaşıb. Bu, həmin qanun layihələrinə etiraz əlaməti olaraq keçirilən ən böyük mitinq olub. Təşkilatçıların bildirdiyinə görə, parlamentin binası qarşısında 120 min insan toplaşıb. Lakin polis mitinq iştirakçılarının sayının 30 min olduğu barədə məlumat yayıb.
Mitinq iştirakçıları əllərində “Doqquzuncu maddəni ləğv etməyin!”, “Biz övladlarımızın ölməsinə yol verməyəcəyik!” kimi şüarlar tutublar. Aksiyada çıxış edən tanınmış bəstəkar Ryuiçi Sakamoto bildirib ki, iştirakçıların konstitusiyanın müharibə əleyhinə yönəlmiş doqquzuncu maddəsini müdafiə etməsi onu çox sevindirir. Bəstəkar qeyd edib ki, o, demokratiyanın qayıtmasını arzulayanlarla birlikdədir.
Digər çıxış edənlər ödədikləri vergilərlə hərbi sursat alınmasının və bununla uzaq ölkələrdəki insanların öldürülməsinin əleyhinə olduqlarını bildiriblər. Onlar əminliklə qeyd ediblər ki, yeni qanun layihələrinin qarşısını almaq mümkündür.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio