MƏDƏNİYYƏT
Tokioda növbəti dəfə Azərbaycan musiqisi səslənəcək
Oktyabrın 24-də və 31-də Yaponiyanın paytaxtı Tokioda növbəti dəfə Azərbaycan musiqisi səslənəcək.
Bu barədə AZƏRTAC-ın Yaponiyadakı bürosuna məlumat verən beynəlxalq müsabiqələr laureatı, hazırda Yaponiyada yaşayan azərbaycanlı Gülnarə Azuma-Səfərova bildirib ki, məqsəd yapon musiqisevərlərini Azərbaycan xalq mahnıları və tanınmış bəstəkarların əsərləri ilə tanış etmək, qədim və zəngin mədəniyyətimizi bu gündoğan ölkədə daha yaxından tanıtmaqdır.
G.Azuma-Səfərovanın əsas təşkilatçısı olduğu konsertlərdə onunla yanaşı İran və yapon musiqiçilər də iştirak edəcəklər (iranlı Məsud Qurbani tar, yaponlar Kiyoşi Ohira saz, Şin Vatanabe qaval, Yasuhiro Kasamatsu zurna və balaban və Daisuke Azuma fleyta).
Programda Azərbaycan bəstəkarlarından Q.Qarayev, N. Əliverdibəyov, A.Rzayev, X.Mirzəzadənin klassik əsərləri ve xalq mahnıları səslənəcəkdir.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio