MƏDƏNİYYƏT
Tokioda təşkil edilən Azərbaycan çay süfrəsi maraqla qarşılanıb VİDEO
Tokio, 18 noyabr, AZƏRTAC
Azərbaycanın Yaponiyadakı səfirliyində təşkil olunmuş çay süfrəsi qonaqlar tərəfindən maraqla qarşılanıb.
Səfir Gürsel İsmayılzadə qonaqlara Azərbaycanın coğrafi mövqeyi, təbiəti, əhalisi, iqtisadiyyatı, enerji siyasəti, ölkəmizdə həyata keçirilən və gələcəkdə nəzərdə tutulan müxtəlif layihələr, tolerantlıq mühiti, turizmin inkişafı üçün həyata keçirilən tədbirlər, son illərdə əldə olunmuş nailiyyətlər barədə məlumat verib.
Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində oynadığı rolu qeyd edən səfir ölkəmizin zəngin mədəni-tarixi irsə və təbii sərvətlərə malik olduğunu diqqətə çatdırıb. Azərbaycanda çay süfrəsinin təşkili haqqında danışan diplomat çayın hazırlanması və süfrəyə təqdim edilməsi prosesi barədə məlumat verib. Səfir azərbaycanlıların hər gün bir neçə dəfə təşkil etdiyi çay dəsgahının həyatın ayrılmaz bir parçasına çevrildiyini, insanların çay süfrəsi arxasında söhbətləşdiyini, asudə vaxtlarını maraqlı keçirdiyini bildirib.
Tədbirdə Azərbaycan tarixini, mədəniyyətini, mətbəxini, turizm potensialını və çay dəsgahını əks etdirən videoçarxlar nümayiş etdirilib.
Qonaqlar Azərbaycan mədəniyyətinin öyrənilməsinə şərait yaradıldığına görə minnətdarlıqlarını bildirib, belə tədbirlərin xalqlarımız arasında münasibətlərin inkişafında böyük rol oynadığını qeyd ediblər.
Sonda azərbaycanlı pianoçu, beynəlxalq müsabiqələr laureatı Gülnarə Səfərovanın milli musiqilərimizdən və bəstəkar mahnılarından ibarət çıxışı olub.
Tədbirdə Yaponiyanın ictimai-siyasi dairələrinin nümayəndələri, bu ölkədəki diasporumuzun üzvləri, KİV təmsilçiləri iştirak ediblər.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio