MƏDƏNİYYƏT
Tokioda yapon dilində nəşr olunan “İRS-İsan” jurnalının dördüncü buraxılışının təqdimatı keçirilmişdir VİDEO
Tokio, 17 fevral (AZƏRTAC). Azərbaycanın Yaponiyadakı səfirliyində “İRS-İsan” jurnalının yapon dilində 4-cü buraxılışının təqdimatı keçirilmişdir. Tədbirdə Yaponiyanın siyasi və işgüzar dairələrinin təmsilçiləri, Tokio ictimaiyyətinin nümayəndələri iştirak etmişlər.
Ölkəmizin Yaponiyadakı səfiri Gürsel İsmayılzadə tədbir iştirakçılarına Azərbaycanın tarixi, coğrafi mövqeyi, mədəniyyəti və son illərin sürətli iqtisadi inkişafı haqqında geniş məlumat vermişdir. “İRS” jurnalının Azərbaycan mədəniyyətinin və tarixinin dünya oxucularına çatdırılmasındakı rolu qeyd edilmişdir. Səfir daha sonra ölkəmizin qədim və zəngin mədəniyyətinin beynəlxalq aləmdə təbliği istiqamətində Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın fəaliyyətindən danışmışdır. Bildirilmişdir ki, jurnalın bu nömrəsində xalqımızın muğam mədəniyyətinə qayğısının və diqqətinin təcəssümü olaraq Mehriban Əliyevanın Qarabağ muğam məktəbi haqqında müfəssəl məqaləsi yapon oxuculara təqdim edilir. Məqalədə Azərbaycan muğam məktəbindən və onun görkəmli nümayəndələrindən, həmçinin Qarabağ muğam məktəbinin özünəməxsus üslubu və ənənələrindən geniş bəhs olunur. G.İsmayılzadə bu məqalənin Azərbaycan muğam sənətinin Yaponiyada tanıdılmasında xüsusi rol oynayacağını vurğulamışdır.
Jurnalın 4-cü nömrəsində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə geniş yer verildiyi, 1992-ci il fevralın 26-da Ermənistan silahlı birləşmələri tərəfindən Xocalıda törədilmiş qətliam ilə əlaqədar məqalənin də yer aldığı tədbir iştirakçılarının diqqətinə çatdırılmışdır. Ermənistanın Azərbaycana qarşı işğalçı siyasətindən danışan səfir münaqişənin həlli ilə bağlı ölkəmizin ədalətli mövqeyi haqqında məlumat vermişdir.
“World Investors TV” internet televiziyasının prodüseri, ötən ilin oktyabrında bir qrup yapon iş adamının Azərbaycana səfəri ilə bağlı jurnalın 4-cü nömrəsində dərc olunan məqalənin müəllifi Kazuyasu İşida çıxış edərək, Azərbaycanın gələcəyin dövləti olduğunu vurğulamışdır. O bildirmişdir ki, müstəqilliyini təzəcə bərpa etməsinə baxmayaraq, Azərbaycan dünyada son illərdəki sürətli inkişafı və tolerantlığı ilə yaxşı tanınmışdır. K.İşida Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təmin edilməsindəki əhəmiyyətli rolu barədə danışmış, ölkəmizin regionda aparıcı qüvvəyə çevrildiyini vurğulamış, bu istiqamətdə ümummilli lider Heydər Əliyevin əvəzsiz rolunu xüsusi qeyd etmişdir. Ulu öndər Heydər Əliyevin “Əsrin müqaviləsi” və Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft boru kəməri ilə əsasını qoyduğu inkişaf strategiyasının həyata keçirilməsində Prezident İlham Əliyevin rolundan bəhs edən K.İşida bu siyasət nəticəsində ölkəmizin imicinin daha da yüksəldiyini diqqətə çatdırmışdır.
Tədbir iştirakçılarına “İRS-İsan” jurnalının 4-cü nömrəsi, Heydər Əliyev Fondunun ingilis və yapon dillərində nəşr etdiyi “Qarabağ həqiqətləri” seriyası, ölkəmizin müxtəlif sahələrdə inkişafını əks etdirən nəşrlər paylanmışdır.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio