DÜNYA
“Tokionun Göylər Ağacı” üç yaşını qeyd edir
Tokio, 22 may, AZƏRTAC
Yaponiya paytaxtının ən çox turist cəlb edən “Tokyo Sky Tree” (“Tokionun Göylər Ağacı”) televiziya qülləsi və ona bitişik ticarət əyləncə mərkəzi mayın 22-də fəaliyyətə başlamasının üçüncü ildönümünü qeyd edir.
Teleqüllənin idarəedici operatoru “Tobu Group”dan verilən məlumata görə, ötən müddətdə bu əyləncə mərkəzini 100 milyondan çox insan ziyarət edib.
Dünyanın ən uca telekommunikasiya qülləsi olan “Tokyo Sky Tree”nin hündürlüyü 634 metrdir. Burada iki baxış meydançası quraşdırılıb. Onlardan biri 350, digəri isə 445 metr yüksəklikdə yerləşir. Birinci baxış meydançasının bir hissəsində döşəmə xüsusi möhkəmliyə malik şüşədən düzəldiyinə görə, tamaşaçılar ayaqları altındakı şəhəri seyr edə bilirlər.
Hazırda “Tokyo Sky Tree” Yaponiya paytaxtının turistlər arasında populyarlığı ilə seçilən yerlərindən biridir. İstər yağışlı, istərsə də günəşli havada teleqülləyə qalxmaqdan ötrü bilet almaq üçün saatlarla növbəyə durmalısan. Yerli sakinlər qülləni gəzmək üçün biletləri əsasən, əvvəlcədən sifariş edirlər. Hazırda əvvəlcədən satış üçün nəzərdə tutulmuş biletlər də artıq iyunun sonları üçün satılıb.
”Tokyo Sky Tree” yalnız tele və radio verilişlərin retranslyasiyası üçün nəzərdə tutulmuş qüllə deyil. Burada dəniz faunasının 10 minlərlə nümayəndəsinin olduğu okeanarium, yalnız kosmik peyzajların deyil, eyni zamanda, Tokionun retrospektiv görüntüləri nümayiş etdirilən planetari, 52 min kvadratmetr sahəni tutan 300-dən çox mağaza və restoranlar şəbəkəsi var.
Xatırladaq ki, 2008-ci ildə tikintisinə başlanmış qüllənin inşasında 580 min işçi çalışıb. Qüllənin inşasına ümumilikdə 65 milyard yen (təqribən 634 milyon dollar) vəsait sərf olunub.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio