SİYASƏT
Tokionun “Okura” mehmanxanasında təşkil edilmiş 13-cü Beynəlxalq bağçılıq sərgisində Azərbaycan da yüksək səviyyədə təmsil olunur VIDEO
Tokio, 3 may (AZƏRTAC). Tokionun “Okura” mehmanxanasında 13-cü Beynəlxalq bağçılıq sərgisində Azərbaycan da yüksək səviyyədə təmsil olunur. Mehmanxananın “Heyan” zalında ənənəvi olaraq keçirilən sərgidə iştirak edən on ölkənin florasını əks etdirən xüsusi bağlar salınmışdır.
Sərgidə Azərbaycanla yanaşı ABŞ, Türkiyə, Böyük Britaniya, Belçika, Venesuela, İsveç, İspaniya, Niderland və Sinqapurun Yaponiyadakı səfirlərinin xanımları orijinal bağların salınması işində yaxından iştirak etmiş, məşhur yapon bağbanları ilə birlikdə xüsusi kompozisiyalar yaratmışlar. Sərgidə hər bir iştirakçı ölkənin florasına məxsus olan bitkilər - ağaclar və güllər vasitəsilə həmin ölkənin yaşıllıqsalma mədəniyyəti, bağçılıq ənənələri və təbii mühiti nümayiş etdirilir. Ziyarətçilər Yaponiyanı tərk etmədən həmin ölkələrin bağçılıq mədəniyyəti ilə yaxından tanış olmaq imkanı qazanırlar.
Mayın 1-də fəaliyyətə başlamış sərginin rəsmi açılış mərasimində Azərbaycan səfirinin həyat yoldaşı Rəna İsmayılzadə “Abşeron bağı” adlı kompozisiyanı sərgi iştirakçılarına təqdim etmişdir.
Mərasimində iştirak edən Yaponiya şahzadəsi xanım Takamado digər ölkələrlə yanaşı Azərbaycan bağçılıq mədəniyyətini əks etdirən kompozisiya ilə də yaxından tanış olmuşdur.
Mayın 5-dək davam edəcək sərgiyə Tokioda xüsusi maraq vardır. Həm Yaponiya vətəndaşları, həm də dünyanın müxtəlif yerlərindən gəlmiş qonaqlar sərgiyə böyük maraq göstərirlər.
Mehmanxananın planlaşdırma üzrə meneceri Kaname Çukiya AZƏRTAC-ın Yaponiyadakı xüsusi müxbirinə bildirmişdir ki, ənənəvi olaraq təşkil edilən və bu il 13-cü dəfə keçirilən sərgiyə maraq böyükdür. Ziyarətçilər Azərbaycanın “Abşeron bağı” adlı kompozisiyasına heyranlıqla baxırlar. Buradakı bitkilər, çiçəklər öz gözəlliyi və zərifliyi ilə ölkəniz haqqında xoş hisslər yaradır.
Mehmanxananın foyesində Azərbaycanın mədəniyyətinə həsr edilmiş guşə yaradılmış, otelin aşpazı tərəfindən iştirakçı ölkələrə məxsus milli mətbəx nümunələri, o cümlədən Azərbaycan mətbəxinin ləziz təamı sayılan “Kələm plovu” hazırlanmışdır.
Sərgiyə Yaponiya KİV-ləri də böyük diqqət ayırmışlar. Yaponiyanın tanınmış televiziya kanalları, yapon dilində nəşr olunan “Yomiuri”, “Mainichi”, ingilis dilində çıxan “Japan today”, “The Japan times” kimi çoxtirajlı qəzetləri sərgi barəsində materiallara xüsusi yer vermişlər.
Qeyd olunmalıdır ki, ənənəvi olaraq keçirilən sərgi dünya ölkələrinin özünəməxsus başçılıq mədəniyyəti, ağac və bitki aləmi ilə əyani şəkildə tanış olmaq üçün nadir imkan yaradır.
Mayın 1-dən 5-dək davam edəcək sərginin 20 mindən artıq tamaşaçı tərəfindən ziyarət olunacağı gözlənilir.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio