DÜNYA
Tokionun Ueno heyvanxanasında qorillanın qəfəsdən qaçışı ilə əlaqədar təlim keçirilmişdir VİDEO
Tokio, 8 fevral (AZƏRTAC). Tokionun Ueno heyvanxanasının əməkdaşları zəlzələ zamanı qorillanın qəfəsdən qaçışı ilə əlaqədar təlim keçirmişlər. Müvafiq kostyum geymiş heyvanxananın əməkdaşlarından biri qaçmış meymunun rolunda çıxış etmişdir. İlk baxışda müəyyən qədər gülməli görünən əməliyyatda təqribən 150 nəfər iştirak etmişdir.
Səhnələşdirilmiş əməliyyata yalnız heyvanxananın işçiləri deyil, eyni zamanda, polisin və yanğınsöndürmə dəstəsinin əməkdaşları da cəlb edilmişlər. Əvvəlcə heyvanxananın işçiləri qaçmış heyvanı torlarla əhatəyə almışlar. Sonra polis yuxugətirici güllə ilə meymunu zərərsizləşdirmişdir. Yatmış qorillanı tora bükən heyvanxana işçiləri onu yük maşınına qoyaraq qəfəsə aparmışlar.
Heyvanxananın direktoru Toşimiçu Doi bildirmişdir ki, belə hadisələrə hər zaman hazır olmaq lazımdır. Bundan əvvəl Ueno heyvanxanasının işçiləri kərgədanın və pələngin qəfəsdən qaçışı ilə bağlı da təlim keçirmişlər.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio